Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkum yoldaşılarını öldürməyə cəhddə təqsirləndirilən Məhərrəm Kazımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
E-huquq.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və digər keçmiş məhkum 1987-ci il təvəllüdlü, Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.
Ekspertlər yoxlama zamanı İ.Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs M.İsmayılovun boğazını kəsməyə cəhd edib.
Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, onların həyatlarını xilas etmək mümkün olub.
İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslərə əvvəllər məhkum edilmiş M.Kazımov adlı şəxs bıçaqla hücum edib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
