"Azərbaycan bu şərtlə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər"


  • 15 Oktyabr 2020 14:12

"Azərbaycan da, Ermənistan da Beynəlxalq Ədalət Məhkəməsinə və bu tipli beynəlxalq qurumlara üzv olmadığı üçün ora müraciət edə bilməzlər. Ancaq, istisna olaraq BMT Təhlükəsizlik Şurası Azərbaycanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər. Lakin BMT-nin beş daimi üzvünün də buna səs verib, veto qoymaması və təsdiqləməsi lazımdır ki, bu, baş versin. Təəssüflər olsun ki, hazırki vəziyyətdə bu məsələ o qədər də real deyil. Çünki Rusiyanın, ABŞ-ın, Fransanın bərabər şəkildə Ermənistan barədə Beynəlxalq Məhkəməyə müraciət etməsi mənə məntiqli gəlmir".

Bunu e-huquq.az a açıqlamasında hüquqşünas Altay Mustafayev Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Azərbaycanın atacağı hüquqi addımlara toxunarkən deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsində Beynəlxalq Humanitar Hüququn pozulması ilə əlaqədar maddə var: "26-cı maddədə qeyd olunub ki, mülki əhalinin hədəfə alınması, böyük dağıntalara yol verilməsi və sair beynəlxalq cinayətdir. Bildiyimiz kimi, Baş Prokurorluq da bu barədə cinayət işi qaldırıb. Ancaq təəssüflər olsun ki, Ermənistanın baş naziri, eyni zamanda qondarma rejimin rəhbərinin hakimiyyətdə olduqları müddətdə hansısa cinayət məsuliyyətinə cəlb edilməsi real görünmür. Bildiyiniz kimi, Xocalı faciəsi ilə bağlı Hərbi Prokurorluqda bir neçə ildir ki, cinayət işi gedir. Amma heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Müraciət olduğu təqdirdə də, mən dünya tarixində xatırlamıram ki, vəzifədə olduğu dövrdə hansısa dövlət başçısı cəzalandırılsın. Məsələn, Sudanda yerli və idarəetmə orqanları ləğv olunub dövlət başçısı vəzifədən getdikdən sonra həbs olunmuşdu".

Hüquqşünas qeyd edib ki, beynəlxalq hüquqda dövlət başçılarının toxunulmazlığı qəbul olunmuş prinsipdir: "Bu da dövlətlərin suverenliyi prinsipinə söykənir. Misal olaraq, Sarkisyan, Koçəryan vəzifədə deyil. Amma yenə də beynəlxalq dəstək olmadan bu hallar baş tuta bilməz. Sadəcə, bizim sorğumuz ilə hansısa dövlət tərəfindən cəzalandırılma ola bilər. Xatırlayırsınızsa, Zori Balayan İtaliyada Azərbaycanın sorğusu ilə interpol vasitəsilə saxlanılmışdı. Sonra onu azad etdilər, Azərbaycana vermədilər. Çünki, interpol və bu kimi beynəlxalq təşkilatlar belə münaqişələri siyasi xarakterli hesab etdikləri üçün çox nadir halda bu cür insanları təhvil verirlər. Onlar gərək bizə dost olan bir ölkədə yaxalansın daha sonra bizə təhvil verilsin. Bilirsiniz ki, Belarus Dağlıq Qarabağı qanunsuz ziyarət edən vətəndaşını dost ölkə olduğuna görə həbs edib, Azərbaycana təhvil verdi. Amma başqa ölkələr - Avropa ölkələri bunu etməz. Buna baxmayaraq, biz bu cinayət işlərini əvvəlki kimi yenidən qaldırmalıyıq, hüquqi müstəvidə mübarizəmizi davam etdirməliyik. Qoy, təklifimizi qəbul etməsinlər, amma, ən azı biz özümüzə deyə bilərik ki, bu işləri gördük. Əlimizdən gələni edib, axtarışa da verməliyik ki, bu insanlar rahat səyahət edib, hansısa ölkəyə gedə bilməsinlər. Ən azından saxlanılıb, sorğu-suala tutulsunlar".

Sevgül Qasımzadə

Oxşar xəbərlər