"Azərbaycanın Avropa Məhkəməsinə müraciəti üçün kifayət qədər ciddi əsasları var"


  • 15 Oktyabr 2020 17:00

“Əgər mülki əhaliyə qarşı hücum dövlət səviyyəsində və davamlı olaraq edilirsə, bu, artıq birmənalı olaraq bəşəriyyətə qarşı təcavüzdür. Bu vəhşiliyə görə Ermənistan rəhbərliyi beynəlxalq səviyyədə cəzalandırılmalıdır".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Ermənistanın mülki əhalini atəşə tutmasına münasibət bildirərkən deyib.

O bildirib ki, sözügedən hadisələr Roma Statusu ilə tənzimlənir. Ortada müharibə, insanlıq əleyhinə cinayət faktı var və bu, yalnız bir cinayət deyil: "Ermənistan eyni zamanda müharibə cinayətlərinin də müxtəlif növlərini törədir. Qanunsuz məskunlaşmadan tutmuş, mülki əhalini hücuma qədər. Üstəlik, Ermənistan çox hallarda bir neçə cinayət törətməklə, bütün bunların real məcmusunu formalaşdırır. Təbii ki, bu vəhşiliyə görə onlar beynəlxalq səviyyədə cəzasını almalıdırlar. Azərbaycan ərazisində yaşayan və Azərbaycan tərəfindən cəzalandırılmalı olan cinayətkarlar var. Onlar Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Söhbət əsas separatçılardan gedir ki, onlar beynəlxalq müstəvidə mühakimə olunmalıdırlar".

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməli olduğunu diqqətə çatdıran deputat, bu məsələnin xüsusi yanaşma tələb etdiyini vurğulayıb: "Yəni, Roma Statusunun da səkkizinci maddəsinin birinci bəndinə baxanda məhkəmənin hüquqi siyasətinə daxil olan məsələləri aydın şəkildə görürük. Əlbəttə, bütün bunların fonunda bir şeyi də nəzərə alaq ki, nə Azərbaycan, nə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsini ratifikasiya etməyib. Lakin hesab edirəm ki, Azərbaycan bununla bağlı addımlar atmalıdır. Beynəlxalq Cinayət Məhkəməsinə bununla bağlı müraciət edə bilməsək də, digər orqanlar – BMT qarşısında məsələ qaldırmaqla, bunu Beynəlxalq Cinayət Məhkəməsinə çıxara bilərik".

B.Məhərrəmov onu da deyib ki, Azərbaycanın Avropa Məhkəməsinə müraciət üçün kifayət qədər ciddi əsasları var: "Xatırlayaq ki, Rusiya - Gürcüstan münaqişəsi zamanı Gürcüstan analoji addımı atmışdı. Oxşar prosedurlar Ukranya və Rusiya arasında da mövcuddur. Əlbəttə, biz də bu analoji addımları atmalıyıq. Lakin mən hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu prosesə qədər ciddi şəkildə məlumatlandırılmalıdır".

Sevgül Qasımzadə

Oxşar xəbərlər