Avropa Məhkəməsi Ermənistanın siyasi oyunlarına alət olmamalıdır


  • 29 Oktyabr 2020 21:11

Bildiyiniz kimi, Azərbaycan Hökuməti Ermənistanın müharibə cinayətləri törətməsi nəticəsində mülki şəxslərin həlak olması, vətəndaşların yaralanması, yaşayış binalarının, şəxsi evlərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşməsi barədə Avropa Məhkəməsinə müraciət edib. Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir. Ermənistanın törətdiyi hərbi cinayətlərə hüquqi qiymət verilməli və düşmən ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Bu baxımdan Avropa Məhkəməsinə müraciət xüsusi əhəmiyyət kəsb edir.

Artıq bütün dünyaya məlumdur ki, erməni terrorçularının vandalizmi sərhəd tanımır, getdikcə daha eybəcər şəkil almaqda davam edir. Gəncənin ardınca istifadəsi qadağan edilmiş xüsusi dağıdıcı gücə malik kasetli bombalarla Bərdənin hücuma məruz qalması, 21 nəfərin həlak olması, 70-ə qədər insanın ağır yaralanması bunun bariz nümunəsidir. Sentyabrın 27-dən bu günə qədər erməni terrorçular və vandalların qətlə yetirdiyi mülki insanların sayı 100-ə yaxınlaşır. Lakin təəssüflər olsun ki, dünyanın bir çox nüfuzlu ölkələri, beynəlxalq təşkilatlar bu hərbi cinayətləri gördükləri halda, hələ də susqunluq nümayiş etdirirlər. Bəzi hallarda isə ermənipərəst mövqedən çıxış edirlər.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq başlatdığımız əks-hücum əməliyyatının gedişi zamanı Azərbaycan İnsan Hüquqlarına dair Avropa Konvensiyasına və beynəlxalq humanitar hüquqa əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam və qəti şəkildə riayət edir, heç bir formada mülki əhali və mülki obyektlər hədəfə alınmır.

Ümid edirəm ki, həqiqət, sübutlar ortada olduğu üçün beynəlxalq hüququn da tələbləri əsasında Avropa Məhkəməsi Azərbaycanın müraciəti ilə bağlı ədalətli qərar qəbul edəcək və Ermənistanın siyasi oyunlarına alət olmayacaq.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin dediyi kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm, əvəzolunmaz alətlərdir. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünün təmin olunması uğrunda göstərdiyi mübarizə ilə beynəlxalq hüququn heç bir tələbini pozmur, əksinə ədalətin, regionda daimi sülhün əldə olunmasına çalışır. Və əminliklə deyə bilərəm ki, bu haqq mübarizəsində zəfər bizim olacaq!

Şaiq Mirzəyev

Hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər