"Azərbaycanın beynəlxalq hüquq çərçivəsində apardığı haqlı müharibənin tarixi nəticəsi olaraq noyabrın 10-da Ermənistan faktiki olaraq hərbi kapitulyasiyanı imzaladı. Dövlətimizin başçısının sərgilədiyi siyasi qətiyyəti nəticəsində ilk olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları, sonradan isə işğal altındakı bütün torpaqlarımız heç bir itki olmadan işğaldan azad edilməkdədir. Bu tarixi zəfərdir və bu zəfəri müzəffər Azərbaycan Ordusu qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli Azərbaycan Ordusu ilə Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli bir vəzifəni yerinə yetirdi".
E-huquq.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.
Onun sözlərinə görə, işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması həm də vətəndaşların konstitusion hüquqlarının bərpası və dövlətin əsasını bərqərar edir: "Belə ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Konstitusiyanın qəbul edilməsində bəyan etdiyi ülvi niyyətlərdən birini – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdadır. Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bundan əlavə 30 ilə yaxındır öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması onların pozulmuş mülkiyyət hüquqlarının bərpasına da şərait yaradacaq. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu".
Sədr qeyd edib ki, bu gün ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılan tarixi qələbə hər birimizi qürurlandırır, çalışdığımız sahə üzrə fəaliyyətimizdə daha əzmlə işləməyə ruhlandırır: "Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu".
