Apelyasiya Məhkəməsi sürücü ilə bağlı bəraət qərarını qüvvədə saxladı


  • 3 Dekabr 2020 11:39

Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Eldar Zalov barəsində apelyasiya şikayətinə baxılıb.

Vəkil Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, apelyasiya şikayəti təmin edilməyib. Məhkəmə bəraət hökmünün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, ötən il fevralın 7-də Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə yaydığı məlumata əsasən, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlunun döyülərək ağır bədən xəsarətləri alması nəticəsində xəstəxanada vəfat etməsi barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Bildirilib ki, M.Əhmədovun “Kəllə beyin travması, baş beyinin əzilməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi və orada vəfat etməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla M.Əhmədovun cari il fevralın 5-də Beynəlxalq Avtovağzalın yaxınlığında yolu keçərkən avtomobillə vurulma nəticəsində xəsarətlər alaraq vəfat etməsi müəyyən edildiyindən fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

İstintaq zamanı hadisənin 1971-ci il təvəllüdlü Zalov Eldar İsrail oğlunun idarə etdiyi 21-BF-499 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə törətməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlili olub.

Oxşar xəbərlər