Konstitusiya Məhkəməsi mirasda məcburi pay anlayışını şərh edəcək


  • 9 Yanvar 2021 10:31

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 2-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 1193-cü maddəsi (mirasda məcburi pay anlayışı) aşağıdakı kimidir:

“Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir”.

Oxşar xəbərlər