"Cinayət işləri ilə bağlı məhkəmə proseslərində də audioyazıdan istifadə olunur".
Bunu e-huquq.az-a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev deyib.
Onun sözlərinə görə, proseslərdə audioyazıdan istifadə məsələsi cinayət işinin növündən asılıdır: "Elə iş var ki, orada protokol üçün səsyazmadan istifadə olunur, eləsi də var ki, olunmur. Yəni bu, məhkəmə işindən asılıdır".
Hakim vəkillərin prosesdə audioyazı aparmasına icazə verilib-verilmədiyi məsələsinə də aydınlıq gətirib: "Bəzi hallarda vəkil özünə görə səsyazmadan istifadə üçün icazə alır. Vəkilə icazə məsələsi isə hakimlərin qərarından asılı olur. Audioyazı vəkil üçün deyil, protokola lazımdır. Ancaq ümumilikdə deyə bilərəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bəzi işlər istisna olmaqla, əksər proseslərdə audiyazıdan istifadə olunur".
Qeyd edək ki, bəzi vəkillər mülki işlərdə audioyazının aparılmasına icazə verildiyi halda, cinayət işlərində bunun mümkün olmadığını qeyd edirlər. Onlar məhkəmə iclas protokolunun ətraflı yazılmadığını əsas gətirərək, müqayisəli təhlil məqsədilə audioyazıdan istifadəyə hakimlər tərəfindən icazə verilmədiyini bildirirlər.
