Məzmuna keç

Azərbaycanda sabiq prokuror barəsində cinayət işi üzrə icraata xitam verildi

Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov barəsində verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, vəkil Sadiq Əfəndiyev tərəfindən verilən şikayət təmin olunub və Ü. Abbasovun cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib.

Qeyd edək ki, aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayonun sabiq prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.

Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Ülvi Abbasovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.

Ü. Abbasov 2018-ci il noyabrın 1-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətində azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə barəsində şərti cəza verilərək azadlığa buraxılan Ü.Abbasov həmin qərarla razılaşmayaraq, kassasiya şikayəti verib.