Bu gün informasiya texnologiyalarının tətbiqi ədliyyə və məhkəmə sahəsinə də öz təsirini göstərməkdədir. Bildiyiniz kimi, 2014-cü ilin fevralında Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi göstərilən elektron xidmətlərin keyfiyyəti artmasına, informasiya təminatı yaxşılaşmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, məhkəmələrin ümumi iş fəaliyyətində operativliyin təmin olunmasına gətirib çıxarıb. Ancaq Azərbaycanda fəaliyyət göstərən bütün məhkəmələrin elektronlaşdırılması təəssüflər olsun ki, hələ də mümkün olmayıb. Bəzi ərazilərdə kargüzarlıq elektron qaydada aparılmır, hələ də məktub, kağız və qələmdən istifadə olunur.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qurbanov mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, Azərbaycanın 6 məhkəmə yurisdiksiyasına aid olan ərazilərdən artıq dördündə kargüzarlıq tam elektronlaşdırılıb: "Yəni, Bakı, Sumqayıt, Şəki və Naxçıvan yurisdiksiyasında elektron məhkəmə tətbiq olunur".
R.Qurbanovun sözlərinə görə, əhatə olunmayan yalnız Şirvan və Gəncə yurisdiksiyasına daxil olan məhkəmələr qalıb ki, bu problem də tezliklə həllini tapacaq.
"Onların da elektronlaşması təxminən fevral ayından başlayacaq. 2021-ci ildə bu iki yurisdiksiyaya daxil olan məhkəmələrdə də elektron məhkəmə tətbiq olunacaq. Həmin ərazilərdə məhkəmələrin sayı çox olduğuna görə ardıcıl olaraq elektronlaşdırılma aparılacaq", – deyə o əlavə edib.
Xəyalə Bünyatova
