Məzmuna keç

“Yeni hakimlərin əksəriyyəti xaricdə təhsil almış gənc nəsil hüquqşünaslardır”

"Namizədlərin tam əksəriyyətini 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar".

E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhmənin sədri Ramiz Rzayev yeni təyin olunmuş hakimlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir: "Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti dəfə hakim ştatlarının sayı artırılıb, bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb. Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 44 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub".