Azərbaycanda vəkillik və məhkəmə-hüquq sahəsində rəhbər vəzifə tutan qadınların sayı - STATİSTİKA


  • 3 Mart 2021 13:46

Azərbaycanda cəmiyyətin ictimai-siyasi həyatında qadınlar önəmli rol oynayır. Bu gün ölkəmizdə bütün sahələrdə kişilərlə bərabər, qadınlar da müxtəlif vəzifələr tutur, öz peşə fəaliyyətlərini yerinə yetirirlər. Bəs görəsən, vəkillik institutu, məhkəmə və hüquq-mühafizə orqanları sistemində qadınların iştirakı hansı səviyyədədir?

E-huquq.az-ın məlumatına görə, vəkillik sahəsində qadınların fəal iştirakı nəzərə çarpmaqdadır. Xüsusən son illərdə vəkillik institutunun inkişafı sahəsində görülən işlər, əldə olunan nailiyyətlər bu sahəyə marağı artırıb. Hazırda Vəkillər Kollegiyasının 1 844 nəfər üzvündən 305 nəfərini qadınlar təşkil edir. Onlardan 244-ü Bakıda, 61-i isə digər bölgələrdə fəaliyyət göstərir. Qadın vəkillərdən 2-si Rəyasət Heyətinin, 3-ü İntizam Komissiyasının, 1-i isə Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən vəkil bürolarından 8-nin rəhbəri qadındır. Həmin bürolardan 4-ü Bakıda, digərləri isə bölgələrdə yerləşir.

2017-ci ildən 2021-ci ilədək qadın vəkillərin sayı artaraq 120-dən 305-ə çatıb (154% və ya 2.5 dəfə artım). Onlardan 36 nəfəri 30 yaşa qədər olan qadınlardır. 30-62 yaş aralığı olan qadın vəkillərin sayı 240, yaşı 62-dən yuxarı olanların sayı isə 29 nəfər təşkil edir.

Bu aktivlik məhkəmə-hüquq sistemində də özünü göstərir. Azərbaycanda hakim vəzifəsinə təyin olunan qadınların sayında artım müşahidə olunur. Hazırda ölkəmizdə 93 qadın hakim fəaliyyət göstərir. Azərbaycanda məhkəmələrdən 2-nin - Sumqayıt Apellyasiya Məhkəməsinin və Zəngilan Rayon Məhkəməsinin sədri qadındır. Eyni zamanda Ali Məhkəmənin Kommersiya Kollegiyasına qadın hakim sərdlik edir.

Prokurorluq orqanlarının kadr korpusunun isə 7 faizini qadın əməkdaşlar təşkil edir. Onlardan 9 qadın prokurorluq rəhbər vəzifələrə irəli çəkilib. Belə ki, 2-si Baş Prokurorluğun idarə və şöbə rəisləri, 3-ü rəhbər vəzifələrə - idarə rəislərinin müavinləri, müasir prokurorluğun tarixində ilk dəfə 2-si rayon prokuroru, 1-i rayon prokurorunun müavini, 1-i isə şəhər prokurorunun böyük köməkçisi vəzifələrinə təyin edilib.

Oxşar xəbərlər