Məhkumlar üçün videozənglərin təşkili barədə təklifə VƏKİLLƏRDƏN MÜNASİBƏT


  • 9 Mart 2021 15:38

Azərbaycanda məhkumlar üçün videozənglərin təşkili məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur. Bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib. Sənəddə videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti, qadağan edilmiş əşyaların müəssisə daxilinə keçirilməsinin qarşısının alınmasında əhəmiyyətini, habelə xarici ölkələrdə geniş tətbiq edilən videogörüntü vasitəsilə əlaqə saxlamaq təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikası cəzaların icrası Məcəlləsinə qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilini nəzərdə tutan əlavənin edilməsi təklif olunur.

Vəkil İlhamə Həsənova məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, məhkumlar üçün videozənglərin təşkili çox təqdirəlayiq təklifdir. Onun sözlərinə görə, videozənglər məhkumların hüquqlarınn müdafiəsi baxımından çox səmərəli olacaq.

“Bütün məhkumların ailə üzvləri ilə görüşmək hüququ var. Bu məsələlər Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində ilə tənzimlənir. Lakin hazırki pandemiya şəraitində məhkumların bu hüquqlarının həyata keçirilməsi xeyli çətinləşib. Ona görə də videozənglərin təşkil olunması çox əhəmiyyətlidir. Bununla məhkumlar öz hüquqlarını reallaşdıra və ailə üzvləri ilə görüşə bilərlər. Çünki bəzən görüşə bir ailə üzvü gələndə, digərləri, yaxud övladları gələ bilmirdi. Videozəng isə məhkumların digər ailə üzvləri ilə də əlaqə saxlamasına imkan yaradacaq. Düşünürəm ki, bu həm də məhkumların islah olunmasına öz müsbət təsirini göstərəcək", - deyə İ.Həsənova qeyd edib.

Vəkil Anar Qasımlı da məhkumlar üçün videozənglərin təşkili barədə təklifi müsbət qiymətlənidirib. “Bilirsiniz ki, məhkumların yaxınları ilə əlaqə qurması üçün zəng etmək hüquqları nəzərdə tutulub. Qanunla müəyyən edilmiş qaydada onlar bu hüquqlarından istifadə edirlər. Videozənglərin təşkil olunması isə həm məhkumların, həm də onların ailə üzvlərinin hüquqları baxımından çox mütərəqqi bir hal olardı. Bu təklifi ancaq alqışlamaq lazımdır. Yaxşı olardı ki, Ombudsmanın bu müraciəti parlament tərəfindən müsbət qarşılansın və məhkumlara belə bir hüquq verilsin”.

Vəkil Ceyhun Yusifov da Ombudsmanın bu təklifini təqdirəlayiq hesab edib: “Videozənglərin təşkili beynəlxalq normalara uyğundur. Məhkumların hüquqlarından ən üstünü ailələri ilə birbaşa videozənglə danışmasını təmin etməkdir”.

Sevgül Qasımzadə

Oxşar xəbərlər