"Məhkəmə qərarlarının icrası ilə bağlı problemin obyektiv və subyektiv səbəbləri var"


  • 16 Aprel 2021 14:00

“Bütün dünya ölkələrində məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur”.

Bunu e-huquq.az-a müsahibəsində millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Deputat bu problemin obyektiv və subyektiv səbələrdən qaynaqlandığını bildirib: “Bəzi məhkəmə qərarlarının icrası obyektiv səbəblərdən təmin edilmir. Məsələn, aliment məsələlərində, uşağın ata yaxud ana ilə qalması kimi həssas mövzularda. Tutaq ki, məhkəmə qərarına əsasən, uşaq atada qalmalıdır, amma anasından ayrılmaq istəmir. Yəni, belə həssas mövzular olur. Bəzi obyektiv səbəblərə görə qərarların icrasını təmin etmək çətin olur”.

K.Cəfərovun fikrincə, korrupsiya halları da məhkəmə qərarlarının icrasına mənfi təsir göstərir: “Bəzi hallar da isə qərarların icra edilməməsi subyektiv səbəblərə görə olur. İndi korrupsiya hər bir ölkənin problemidir və Azərbaycan da istisna deyil. Bu sahədə də müəyyən problemlər mövcuddur. Bunun qarşısını almaq üçün davamlı tədbirlər həyata keçirilir. Ən vacibi isə korrupsiyaya qarşı tədbirlərin davamlı xarakter daşımasıdır. Hesab edirəm ki, obyektiv səbəblərin aradan qaldırılması üçün müəyyən qanunvericilik və institusional tədbirlər həyata keçirilə bilər. Amma subyektiv səbəblərlə bağlı Ədliyyə Nazirliyində müvafiq preventiv tədbirlər həyata keçirilməlidir və keçirilir də”.

Oxşar xəbərlər