Prokuror ittihamdan imtina etdi, cinayət işinə xitam verildi


  • 5 May 2021 17:31

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə vermək üçün dəvət olunub. Lakin bu vaxt maraqlı hal yaşanıb.

Belə ki, prokuror Seyhun Azadəliyev çıxış edərək, təqsirləndirilən şəxsə qarşı dövlət ittihamından imtina etdiyini, onun işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Bundan sonra hökm elan edilib. Prokurorun vəsatəti təmin edilib və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Nur Məmmədov məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1. (Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunurdu.

Oxşar xəbərlər