"Sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz".
E-huquq.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmə iddiaçı “X” MMC-nin cavabdeh “Y” ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair kommersiya işinin nəticəsi kimi qənaətə gəlib.
Belə ki, iddiaçı “X” MMC məhkəməyə müraciət edərək sığorta ödənişinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Y” ASC ilə iddiaçı “X” MMC arasında bağlanmış 2017-ci il 28 mart tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə (bundan sonra “Sığorta Müqaviləsi”) əsasən, “Y” ASC müvafiq sığorta haqqı ödəməsi müqabilində “X” MMC ilə bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək fəaliyyətinin itirilməsinə və ya ölümünə görə sığorta ödənişinin verilməsi öhdəliyini götürmüşdür. Fiziki şəxs XX 2017-ci il 6 may tarixdə iddiaçı ilə əmək müqaviləsi (bundan sonra “Əmək Müqaviləsi) imzalayaraq hər ay 250 manat əmək haqqı ödənilməklə “X” MMC-də fəhlə peşəsinə işə qəbul edilmişdir. Əmək Müqaviləsi 2017- ci il 7 may tarixində elektron sistemə daxil edilmişdir. İddiaçının işçisi XX eyni vaxtda (2017-ci il 7 may tarixində) bədbəxt hadisəsi nəticəsində xəsarət almışdır. Sonradan, 2017-ci il 11 may tarixində iddiaçı “X” MMC və cavabdeh “Y” ASC Sığorta Müqaviləsinə əlavə razılaşma (bundan sonra “Əlavə Razılaşma”) imzalayaraq müəyyən sığorta haqqı müqabilində iddiaçının işçisi XX sığorta olunanlar siyahısına əlavə etmişdir. Qeyd edilməlidir ki, Əlavə Razılaşmanın şərtlərinə uyğun olaraq “X” MMC baş vermiş, lakin bildirilməmiş sığorta hadisələrinin olmamasını təsdiq etmişdir.
“Y” ASC-nin “X” MMC-yə ünvanladığı 2018-ci il 1 may tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının işçisi ilə əmək müqaviləsi 2017-ci il 6 may tarixində bağlanaraq 2017-ci il 7 may tarixində işə başlansa da, onun sığorta olunanlar siyahısına daxil edilməsi barədə məlumat 2017-ci il 11 may tarixində Əlavə Razılaşma ilə növbəti müqavilə ili üzrə sığorta olunanlar siyahısı bildirilən zaman təqdim edilmişdir və həmin razılaşma ilə növbəti müqavilə ili üzrə siyahıya daxil edilmiş, yəni, onun sığorta olunması üçün müraciət xəsarət aldığı tarixdən sonra “Y” ASC-yə daxil olduğundan, hadisənin baş verdiyi 2017-ci il 7 may tarixinədək sığortalanmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bununla yanaşı, “Y” ASC-nin “X” MMC-yə ünvanladığı 2018-ci il 13 iyul tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının işçisi XX-in 2017-ci il 7 may tarixində xəsarət alması barədə məlumat “Y” ASC-yə 2017-ci il 25 may tarixində saat 11:15-də, yəni hadisə baş verdiyi tarixdən 13 iş günü sonra bildirilmişdir. Həmçinin XX ilə əmək müqaviləsi hadisə baş verən gün, 2017-ci il 7 may tarixində elektron informasiya sisteminə daxil edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərarı ləğv edilmiş, “X” MMC-nin iddia tələbi təmin edilmiş, “Y” ASC-nin üzərinə sığorta olunan, 80 faiz əmək qabiliyyətini itirmiş və 2-ci dərəcəli əlillik təyin olunmuş iddiaçıya icbari sığorta ödənişinin ödənilməsi öhdəliyinin qoyulması qərara almışdır. “Y” ASC həmin qərardan kassasiya şikayəti vermişdir.
Yekun məhkəmə aktı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddiaçının iddia tələbi rədd edilmişdir.
Məhkəmənin mövqeyi: Qanunvericiliyin təhlili belə dəməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi istər qanunvericiliyin tələblərinə, istərsə də bütövlüklə sığorta institutunun mahiyyətinə, təbiətinə ziddir. Mülki Məcəllənin 883.1-ci maddəsində sığorta müqaviləsi üçün müəyyən olunmuş anlayışdan aydın şəkildə görünür ki, sığorta, sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən hadisənin baş verməsi əsasında ödənilməsini nəzərdə tutulur. Deməli, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verə bilməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq məlum olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Elə həmin anlayışda məhz “risklər” sözündən istifadə olunması mümkün sığorta hadisəsinin baş vermə imkanın ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, uzun onilliklər ərzində dünyada formalaşmış işgüzar təcrübədə sığorta institutuna məhz bu kontekstdən baxılır. Ciddi (nüfuzlu) sığorta şirkətinin artıq baş vermiş (yaxud baş verəcəyi öncədən dəqiq məlum olan) hadisəyə görə sığorta müqaviləsi bağlamağa razılıq verməsinin təsəvvür edilməsi mümkünsüzdür. Əks halda, sığorta şirkətlərinin, həyata keçirdikləri kommersiya fəaliyyətindən mənfəət əldə etmə imkanı olmaz. Təsadüfi deyildir ki, qanun eyni məntiqi sığorta hadisəsinə münasibətdə də nümayiş etdirmişdir. Mülki Məcəllənin 922.3-ci maddəsinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və ya təsadüfilik əlamətlərinə malik olmalıdır. Yəni, sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu sığorta haqqının anlayışına münasibətdə yenə də eyni mövqedən çıxış etmişdir. Sığorta haqqı Mülki Məcəllənin 903.1-ci maddəsinə görə, risklərin qəbul edilməsi və ya bölüşdürülməsi, həmçinin yuxarıda qeyd olunan Qanunun 2.0.14-cü maddəsinə görə, icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Bununla yanaşı, Mülki Məcəllənin 903.4-cü maddəsində nəzərdə tutulmuş ümumi qaydaya görə, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam olaraq ödənilməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığortaya münasibətdə də analoji qayda tətbiq olunur.
Həmçinin, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsində sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal kimi müəyyən edilmişdir. İstinad olunan müddəalardan görünür ki, bədbəxt hadisənin sığorta hadisəsi hesab edilməsi üçün bu hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri şərtdir. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə sığortalı sığortaçıya sığorta haqqı ödəyərkən sığorta hadisəsi hələ baş verməmiş olur, lakin sığortalı gələcəkdə belə hadisənin baş verə biləcəyəni istisna etmədiyindən, bunun üçün müəyyən risklərin mövcud olduğunu güman etdiyindən özünü, əmlakını, işçisini və s. sığortaçıda sığortalamağa, buna görə də müəyyən məbləğdə sığorta haqqı ödəməyə qərar verir. İddiaçının işçisi həm qanunvericiliyin, həm də müqavilənin tələbləri baxımından yalnız 2017-ci ilin 11 may tarixindən sığortalı hesab olunur. Sığorta haqqı yalnız müqavilə ilə əhatə olunan şəxslərə münasibətdə ödənildiyindən iddiaçının işçisi barəsində sığorta haqqı yalnız 2017-ci il 11 may tarixindən sonra, daha dəqiq desək onun adı müqaviləyə əlavə edilən siyahıya daxil olunduqdan sonra ödənilə bilərdi. İddiaçı ilə razılaşmada nəzərdə tutulan sığorta haqqı yalnız Əlavə Razılaşma bağlandıqdan sonra ödənilə, ona görə də Əlavə Razılaşma da həmin tarixdən sonra qüvvəyə minə bilərdi. Bu baxımdan, 2017-ci il 28 mart tarixli ümumi icbari sığorta müqaviləsi üzrə 2017-ci il 11 may tarixindən əvvəl “X” MMC tərəfindən ödənilmiş sığorta haqlarının iddiaçının işçisinə heç bir aidiyyəti yoxdur. Bununla yanaşı, mübahisə predmeti olan hadisə 2017-ci il 7 may tarixində baş verdiyindən və iddiaçının işçisinə münasibətdə ümumi icbari sığorta müqaviləsi yalnız 2017-ci il 11 may tarixdən sonra qüvvəyə mindiyindən həmin hadisə sığorta hadisəsi hesab oluna bilməz. “Y” ASC iddiaçının işçisinə sığorta təminatı verərkən “X” MMC bədbəxt hadisədən məlumatlı olduğu halda, razılaşmada zəmanət vermişdir ki, iddiaçının işçisi ilə bağlı hər hansı sığorta hadisəsi baş verməmişdir. Halbuki Mülki Məcəllənin 911.2-ci maddəsinə görə, sığorta müqaviləsi bağlanarkən sığortalının özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək sığortalının borcudur. “X” MMC isə razılaşma bağlanarkən baş verməsi ona dəqiq məlum olan bədbəxt hadisə barədə rəsmi məlumat verməmiş (bu məlumatı gizlətmiş), bununla da Mülki Məcəllənin 911.2-ci maddəsinin tələbini pozmuş, habelə “Y” ASC-ni razılaşmanı bağlayarkən özünün biznes maraqlarını qorumaq imkanından məhrum etmişdir. Bu səbəbdən, “X” MMC həmin hadisə ilə bağlı sığorta ödənişini tələb etməkdə haqlı deyildir. *Bu xülasə məhkəmə qərarının anlaşılan olmasında yardımçı olmaq məqsədilə tərtib edilmişdir və məhkəmə qərarının tərkib hissəsi olmamaqla, onun qısa mətnini təşkil edir. Yalnız məhkəmə tərəfindən qəbul edilmiş və tərtib edilmiş məhkəmə aktı rəsmi sənəddir və rəsmi olaraq yalnız ona istinad edilə bilər.
