Ali Məhkəmədə vəzifə səlahiyyətlərini aşma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2017-ci ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı "polisi" saxlayıblar. Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri – Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.
Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar.
Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.
Həmin şəxslərin barələrində Cinayət Məcəlləsinin (CM) 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən) maddəsini ittihamdan çıxarıb. Digər iki maddə – 309-cu(vəzifə səlahiyyətlərini aşma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddə ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Daha sonra həmin şəxslər kassasiya şikayəti Ali Məhkəməyə müraciət ediblər.
