Məzmuna keç

Prorektorun pulunu oğurlayan şəxsin özünü oğurlayanlar şikayətlərini geri götürdülər

Prorektorun pulunu oğurlayan şəxsin özünü oğurlayanlar şikayətlərini geri götürdülər

Ali Məhkəmədə Bakıda prorektorun pulunu oğurlayan şəxsi oğurlamaqda təqsirləndirilən Turab Nağıyev və Altay Əliyevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, təqsirləndirilən şəxslər kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə onların müraciəti təmin edib.

İttiham aktına əsasən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasov və Vüqar Vəliyev Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat olan seyfi oğurlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ələkbərov 7 il, P.Quliyev, R.Abbasovun hər biri 9 il, V.Vəliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bu oğurluq hadisəsindən sonra təqsirləndirilən Şahmar Nağıyev Turab Nağıyev və Altay Əliyevlə birlikdə qohumu Pərviz Quliyev tərəfindən 2016-cı ilin yanvarında Odlar Yurdu Universitetindən külli miqdarda pul oğurlanması haqqında məlumat alıb. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə P.Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün P.Quliyevin onlara da pul verməli olduğunu bildiriblər.

P.Quliyev isə onların bu tələbini rədd edib. 2016-cı il martın 13-də kafedən çıxarkən onlar P.Quliyevin qabağını kəsib, ona zor tətbiq etməklə, A.Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər P.Quliyevdən 18 min manat pul alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 11 il, A.Əliyev 10 il, Ş.Nağıyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra T.Nağıyevlə A.Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.