Prezident İlham Əliyevin ötən gün açılışını etdiyi Sumqayıt Məhkəmə Kompleksi mahiyyətcə ölkədə ilk belə təsisat deyil, lakin xaraktercə məhkəmə-hüquq sistemi adına yeni bir mərhələdir.
Əlbəttə, söhbət tikilmiş bina, yaxud təmin edilmiş avadanlıqlardan yox, qarşıya qoyulan və bu kompleksin istifadəyə verilməsi ilə realizəsi üçün maneə qalmayan məqsədlərdən gedir.
Hər şeydən öncə Kompleksdə altı məhkəmənin, Sumqayıt apellyasiya, inzibati, kommersiya, ağır cinayətlər, Sumqayıt şəhər və müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrinin əhatələnməsi vətəndaşı bu şəhərdə dilemmalardan xilas edəcək. Daha dəqiq desək, Sumqayıtda konkret məhkəmə ünvanının formalaşdırılması hətta, məhkəmə aidiyyatı barədə təsəvvürü olmayan şəxs üçün belə, ünvan əngəllərini aradan qaldırır. Üstəlik, "Bir qapı" prinsipinin tətbiqi kompleks daxilində belə, vətəndaşı "hansı məhkəmə?" sualından azad edəcək. Əlbəttə, Sumqayıt kimi sürətlə böyüyən bir şəhərdə ədalət mühakiməsi üçün "bir qapı" prinsipinin tətbiqi sadə məsələ deyil. Üstəlik, nəzərə alsaq ki, bütövlükdə şimal regionu üçün apellyasiya instansiyası, inzibati və kommersiya işləri üzrə mübahisələr, habelə, ağır cinayətlərə dair işlər üzrə mühakimə də yurisdiksiya olaraq Sumqayıtda cəmlənib, məsələnin mürəkkəbliyi bir az daha aydın olur.
Lakin görünən odur ki, Prezident İlham Əliyevin hələ 2 il əvvəl "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 3 aprel 2019-cu il tarixli Fərmanında müəyyən etdiyi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində prosesləri sürətləndirməkdə mövcud siyasi iradə qətidir.
Məlumdur ki, həmin hüquqi aktda yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyi yüksəldilməsi hədəf kimi qoyulurdu. Bu mənada Sumqayıt Məhkəmə Kompleksinin açılışına həm də 3 aprel Fərmanının məntiqi nəticələrindən birinə nail olunması kontekstindən yanaşmaq lazımdır.
Təbii ki, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi səviyyəsinin müasir göstəricilərindən biri də inkluzivlik baxımından qiymətləndirilmədir. Təsadüfi deyil ki, hətta, inklüziv cəmiyyətin qurulması, daha doğrusu, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu yaxın 10 il üzrə Azərbaycanın 5 milli prioritetindən biri kimi müəyyən olunub. Bütün sahələrdə həyata keçirilən tədbirlərin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini zəruri etdiyi bir şəraitdə, təbii ki, "bir qapı" anlayışı ümumi məqsədlərə mühüm töhfə olsa da, bütövlükdə inklüziv cəmiyyət üçün yetərli sayılmaya bilər və bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq məhkəmələrdə innovasiyaların tətbiqinin genişləndirilməsi əsas çıxış yoludur.
Qeyd edim ki, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsi 3 aprel Fərmanında da yol xəritəsi formatında müəyyən olunub. Bu mənada, hesab edirəm ki, Sumqayıt Məhkəmə Kompleksində də ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə problemə konseptual yanaşılıb və kompleksin məhkəmə hakimiyyətinin güc və nüfuzunun artmasında mühüm rol oynayacağı şübhə doğurmur.
Bəhruz Məhərrəmov,
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
