"Məhkəmə baxışınının 3 dəfədən artıq təxirə salınmasının qadağan edilməsi müsbət yanaşma deyil"


  • 10 Sentyabr 2021 11:43

"Məhkəmə baxışınının 3 dəfədən artıq təxirə salınmasının qadağan edilməsi müsbət yanaşma deyil".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayev deyib.

Onun sözlərinə görə, məhkəmə iclaslarının təxirə salınmasının hər zaman obyektiv səbəbləri olur: "Məhkəmə iclasları elə-belə təxirə salınmır. Hesab edirəm ki, təxiri 3 proseslə şərtləndirmək, "bundan artıq təxirə salına bilməz, mütləq baxılıb nəticə verilməlidir" kimi yanaşma obyektivliyə təsir göstərə bilər. Düzdür, bununla süründürməçiliyin qarşısı müəyyən dərəcədə alınır, amma sui-istifadəyə yol verilməyibsə, məhkəmənin təxirə salınması işin hallarından asılıdırsa, bu zaman 3 dəfə ilə məhdudlaşdırılmamalıdır. Tutaq ki, araşdırılmalı olan hər hansı vacib bir məqam var, ekspertiza var, yaxud şahid artıq 5 dəfədir məhkəməyə gəlmir və onsuz işi obyektiv həll etmək olmur. Bu kimi halları nəzərə alaraq, hesab edirəm ki, konkret sayılı şəkildə şərtləndirmək düzgün deyil".

Hazırda hazırlıq icraatının genişləndirilməsi və hakimin hazırlıq icraatını işin hallarından asılı olaraq dəfələrlə təxirə sala bilməsinə gəlincə isə, vəkil bildirib ki, hazırlıq iclası sübutların tədqiq edilməsi üçün deyil, sübutların toplanması üçündür: "Hazırlıq iclası işin məhkəməyə hazırlanması və işin məhkəməyə hazır olub-olmamasını qiymətləndirmək üçündür. Amma sübutların tədqiqi mərhələsi məhkəmə baxışında aparılır".

Qeyd edək ki, Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan 188.3 maddəsində göstərilir ki, hakim işə baxılmasını qabaqcadan nəzərdə tutula bilməyən və ya müstəsna hallarda təxirə sala bilər. İşə baxılması 3 dəfədən çox olmayaraq təxirə salına bilər. Bundan sonra məhkəmə baxışı növbəti dəfə təxirə salındıqda, hakim bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Ancaq oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklikdə istisna hallar da yığışdırılaraq, konkret göstərilir ki, işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.

Xəyalə Bünyatova

Oxşar xəbərlər