Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir, keçmiş baş prokuror Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
E.Həsənovun vəkili Cavad Cavadov e-huquq.az-a açıqlamasında bildirib ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə E.Həsənov ifadə verib.
O, özünü elan olunmuş itthamla təqsirli bilməyib. Vəkilin sözlərinə görə, E.Həsənov ifadə verərkən səhhəti pisləşib:
"Eldar müəllim ifadə verərkən dövlət ittihamçısı ilə aralarında gərginlik yaşandı. Bundan sonra onun vəziyyəti pisləşdi və özündən getdi. Yanında olan şəxslər onu yıxılmağa qoymadı. Həmin vaxt tibbi yardımın göstərilməsi üçün orada həkim də yox idi. Bir qədər sonra Eldar Həsənov özünə gəldi. Lakin vəziyyəti kifayət qədər pis olduğu üçün təcili tibbi yardım çağırıldı. Sonra onu izolyatora apardılar və məhkəmə prosesi yarımçıq qaldı. Hazırda həkim Eldar Həsənov müayinə edir", – deyə vəkil qeyd edib.
Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Xəyalə Bünyatova
