Əziz həmkarlarım! Son zamanlar bir məsələ məni çox narahat edir. Yəqin siz də təsdiqləyərsiniz ki, axır vaxtlar bir qayda olaraq təqdirləndirilən şəxslər məhkəmə iclaslarında qolları qandallanmış vəziyyətdə saxlanılırlar.
Məhkəmə zalında olan, üstü dəmir barmaqlıq, kənarları sınmayan şüşədən, zalda ayrılmış sahəyə salınan təqsirləndirilənin qolunda qandal, yanında da konvoylar olur. Bütün iclas boyu təqsirləndirilənin qolundan qandal açılmır. Əvvəllər mən müdafiəçi kimi vəsatət qaldırırdım və qandalı açırdılar. Heç olmasa, təqdirləndirilən şəxs lazımi sənədləri əlində tuta, imzalaya bilirdi və özünü doğurdan da, ədalət mühakiməsi qarşısında hiss edirdi. İndi bu cür vəsatət qaldıranda rədd olunur və əsaslandırılması da o olur ki, zalda təqsirləndirilən şəxsin hansı vəziyyətdə saxlanmasına istintaq təcridxanasının rəisi qərar verir. Adətən vəsatətin müzakirəsində hakim konvoyların rəisini çağırır, onunla məsləhətləşir. O razı olmur və heç bir əsaslandırma olmadan da qandal açılmır. Yəni məhkəmə iclasında qaydanı sədrlik edən yox, istintaq təcridxanasının rəisi müəyyən etmiş olur, vəsatət də konvoyların rəisi ilə müzakirə olunur.
Bir daha xatırlatmaq istəyirəm ki, Avropa Məhkəməsinin mövqeyinə görə, təqsirləndirilən şəxsin məhkəmə iclas zalına qandalda gətirilməsi və zalda qandalla iştirak etməsi insan ləyaqətini alçaldan, qəddar rəftar kimi qiymətləndirilmişdir. Belə ki, ”Qorodniçev Rusiyaya qarşı“ iş üzrə təqsirləndirilən şəxslər məhkəmə iclas zalında onların oturması üçün ayrıca arakəsmə, baryer olmadığına görə əllərində qandalla saxlanmışlar.
Məhkəmə hesab etmişdir ki, həmin dinləmələr zamanı təqsirləndirilən şəxsin məhkəmə iclas zalında qandalda saxlanması ictimai təhlükəsizlik tədbirinin zəruriliyi ilə ağlabatan şəkildə əsaslandırılmadığı halda, bu tədbirin tətbiqinin əsaslı tələbləri ilə sübuta yetirilmədiyi zaman Konvensiyanın 3-cü maddəsinin mənası baxımından insan ləyaqətini alçaldan rəftarı təşkil edir. Beləliklə, sözügedən tədbirin təqsirləndirilən şəxsi təhqir etmək və ya alçaltmaq məqsədi daşıdığı sübuta yetirilməmiş olsa belə (bax: V. Birləşmiş Krallıq əleyhinə,cərimə və "Həmyaşıdları" işində, § 74), hər bir halda insan ləyaqətini alçaldan rəftar kimi qiymətləndirilməlidir.
Məncə, biz vəkillər bu faktı məhkəmələrə usanmadan xatırlatmalıyıq ki, təqdirləndirilən şəxsin məhkəmə iclas zalında qandalda saxlanılması kimi pis vərdiş adət halını almasın.
İlhamə Həsənova,
Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun müdiri
