"Məhkəmə rüsumlarının artırılması mediasiyanın inkişafına təkan verəcək"


  • 15 Sentyabr 2021 16:24

""Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər mediasiyanın inkişafına təkan verəcək".

E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmmin hakimi İsmayıl Xəlilov "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər barədə onlayn ictimai müzakirədə çıxış edərkən deyib.

Onun sözlərinə görə, mediasiya institutu yeni yaranmasına baxmayaraq, artıq bu sahədə müəyyən müsbət nəticələr əldə olunub: "Bu gün biz vətəndaşları mübahisələri barışıq yolu ilə həll etməyə sövq etməliyik. Çalışmalıyıq ki, onlar mübahisələrini məhkəmə yolu ilə həll etməyə üstünlük verməsinlər. Bunun üçün mübahisələrin alternativ həlli yolu kimi mediasiya institutu yaradılıb. Mediasiyaya müraciət edən tərəflər peşəkar mediatorun köməyi ilə mübahisəni barışıq sazişi ilə yekunlaşdıra bilərlər. Burada mediator onlarla müqaviq söhbətlər aparmalı, tərəflərin maraqlarını öyrənməli və onların maraqları arasında kəsişən nöqtəni tapmalıdır. Mediasiya prosesində tərəflər qısa müddət ərzində, həm də daha az xərclə mübahisələrini sonlandıra bilərlər. Məhkəməyə müraciət etdikdə isə vətəndaş onu nə gözlədiyini düşünməlidir. Uzun sürən məhkəmə prosesləri, vaxtın alınması, əsəb gərginliyi və məhkəmə xərcləri. Bu xərclər təkcə dövlət rüsumu deyil, ekspertiza üçün ödənilən vəsait, hüquqi yardıma görə vəkilə ödənilən pul və digər xərclər var. Vətəndaş bütün bunları nəzərə almalıdır. Eyni zamanda mediatorlar da tərəflərə bütün bunları başa salmalıdır. Bu mənada hesab edirəm ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər mediasiyanın inkişafına təkan verəcək".

Xəyalə Bünyatova

Oxşar xəbərlər