"Mediasiyadan sonra məhkəməyə müraciət edən vətəndaş rüsumun müəyyən hissəsindən azad olunur"


  • 16 Sentyabr 2021 11:13

"Rüsumların artırılmasında məqsəd dövlət büdcəsinə daxilolmaların artırılması deyil, məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsidir".

E-huquq.az-ın məlumatına görə, bunu Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər barədə onlayn ictimai müzakirədə çıxış edərkən deyib.

O bildirib ki, ödənilən rüsumlar məhkəmədə bir işə baxılması üçün çəkilən xərclərin çox cüzi hissəsini təşkil edir: "Dövlət büdcəsindən məhkəmə hakimiyyətinə ayrılan vəsait ilbəil artmaqdadır. Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatlarında da görürük ki, dövlət buna xüsusi diqqət yetirir. Bu vəsait hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, eyni zamanda məhkəmə binalarının müasir tələblərə uyğunlaşdırılmasına xərclənir. Son zamanlar ölkə ərazisində ən yüksək tələblərə cavab verən məhkəmə binalarının açılması bunu bir daha sübut edir. Bundan başqa, vətəndaşların rahatlığı üçün “Elektron məhkəmə” informasiya sistemi istifadəyə verilib və sair işlər görülüb".

S.Cəfərov məhkəmə rüsumların artırılmasının mediasiyanın inkişafına təkan verəcəyi barədə səslənən fikirlərlə razılaşdığını deyərək əlavə edib ki, bu məsələdə də vətəndaşların mənafeyi düşünülüb. O diqqətə çatdırıb ki, mediasiyada mübahisənin həllinə nail olmadığı təqdirdə, məhkəməyə müraciət edən vətəndaş rüsumun müəyyən hissəsindən azad olunur.

"Məhkəməyə müraciət zamanı mediasiyada çəkilən xərclər nisbətində dövlət rüsumundan azad olma nəzərdə tutlulub. Yəni, vətəndaş mediasiyaya müraciət edib barışıq əldə etməzsə, həmin iddia üzrə məhkəməyə müraciət etdikdə mediasiyaya çəkdiyi xərc miqdarında dövlət rüsumundan azad olunacaq", - deyə hakim qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər