Məzmuna keç

“Cəzasızlıq şəraiti hakim özbaşınalığına gətirib çıxarır”

"Düşünürəm ki, məhkəmələrdə cinayət işlərinə baxılması zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinin tələblərinə əməl edilməsi təcrübəsi Ali məhkəmə və Apellyasiya məhkəmələri tərəfindən mütləq şəkildə öyrənilməli və bu sahədə vahid məhkəmə təcrübəsi formalaşdırılmalıdır".

E-huquq.az-ın məlumatına görə, bunu keçmiş hakim, Vəkillər Kollegiyasının üzvü Şakir Ələsgərov bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfinin işin hərtərəfli, obyektiv və ədalətli həllinə yönəlmiş, ittihamın düzgün həlli üçün zəruri olan əsaslı vəsatətlərinin təmin edilməsindən imtina etmiş hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi təmin edilməlidir.

"Bu, məhkəmə baxışlarının çəkişmə prinsipi əsasında həyata keçirilməsinin təmini üçün də zəruridir. Zənnimcə, bu yolla hakimləri müdafiə tərəfinin verdiyi əsaslı vəsatətlərin araşdırılmasının zəruri olması kimi qanunun tələblərinə əməl etməyə məcbur etmək olar. Cəzasızlıq şəraiti hakim özbaşınalığına gətirib çıxarır", – deyə Ş. Ələsgərov qeyd edib.