Bu gün Şirvan Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehman Dadaşov barəsindəki hökmdən verilən apelyasiya şikayəti və apelyasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, məhkəmə şikayəti və protesti rədd edərək, hüquqlarını müdafiə etdiyi şəxs barəsindəki bəraət hökmünü qüvvədə saxlayıb.
İttihama görə, 26 iyul 2019-cu ildə Mehman Dadaşov idarə etdiyi "Ford" markalı avtomobillə Lənkəran şəhərində, Zərifə Əliyeva küçəsi ilə Xiyabani küçəsinin kəsişməsində Axundov Ehtiram Mahmud oğlunun sürdüyü "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə Ehtiram Axundov hadisə yerində dünyasını dəyişib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi M. Dadaşov barəsində bəraət hökmü çıxarıb. Bundan narazı qalan zərərçəkmiş tərəf və prokuror Şirvan Apelyasiya Məhkəməsinə müraciət ediblər.
