“Çəkişmə prosesində ittiham və müdafiə tərəfininin bərabərhüquqlu iştirakı təmin olunmalıdır. Amma biz görürük ki, məhkəmələrdə ittiham tərəfi ilə müdafiə tərəfinin vəsatətlərinə və təkliflərinə eyni münasibət göstərilmir. Adətən müdafiə tərəfinin vəsatətləri əsaslandırılmamış şəkildə rədd edilir”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli Vəkillər Kollegiyasının sədri Anar Bağırovun məhkəmələr tərəfindən vəkillərin qaldırdığı vəsatətlərin heç bir əsaslandırma olmadan rədd edilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, məhkəmə obyektiv olmalı və həqiqi araşdırmanı təmin etməlidir: “Mübahisələrin son həll yeri olan məhkəmədə müdafiə tərəfinin, vəkillərin hüququ təmin olunmasa, onların vəsatətlərinə doğru-düzgün baxılmasa, tərəfkeşlik olsa, o məhkəmə ədalətli ola bilməz. Məhkəmə onda ancaq ittihamı təsdiq edən notarius orqanından başqa bir şey olmaz. Məhkəmə ittihamedici olmamalıdır, obyektiv olmalıdır. İttiham tərəfini də, müdafiə tərəfini də bərabər qiymətləndirib, həqiqi araşdırmanı təmin etməldir. Bu baxımdan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun fikirlərini tam dəstəkləyirəm. Görünür, bu məsələlər Anar müəllimi də uzun müddət düşündürüb və o belə bir məsələ ilə çıxış etməyə vadar olub”.
T.Kərimli deyib ki, məhkəmə-hüquq islahatları formal xarakter daşımamalıdır: “Prezident İlham Əliyev məhkəmə-hüquq islahatları ilə bağlı proqram qəbul edib. Mən dəfələrlə demişəm ki, bu islahatlar həqiqi məna daşımalıdır, mahiyyəti üzrə olmalıdır. Məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Ali Məhkəmədə işləyərkən qanunvericiliyə dəyişikliklər barədə təkliflər irəli sürmüşdüm. Həmin təkliflərdə çəkişmə prosesində bərabərhüquqlu iştirak məsələsinə də toxunmuşduq. Nəzərdə tutmuşduq ki, hakim məhkəmə posesini aparan, sual-cavab edən şəxs yox, həqiqətən bir münsif kimi prosesdə iştirak etsin və tərəflər özlərini bərabərhüquqlu şəkildə müdafiə etsinlər. Təəssüf ki, o qanuna nə veto qoyuldu, nə də təsdiq olundu.
Hesab edirəm ki, biz qanunları elə tərtib etməliyik ki, məhkəməyə sədrlik edən şəxsin vəkillərin vəsatətini əsaslandırılmadan rədd etmək imkanı olmasın. Eyni zamanda hakimlərə ən yüksək səviyyədə şərait yaratmalıyıq və tövsiyə etməliyik ki, daxili vicdanı üstün tutsunlar”.
Xəyalə Bünyatova
