- 2 Aprel 20:12
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən "Elektron məhkəmə" informasiya sisteminə qoşulmuş məhkəmə aktlarından apelyasiya və kassasiya şikayətləri yalnız elektron qaydada qəbul edilir. Lakin bununla əlaqədar "Elektron məhkəmə" informasiya sistemindən istifadə edən vəkillər bəzi problemlərlə qarşılaşdığını bildirirlər.
Vəkil Fuad Kərimov qeyd edir ki, artıq üç gündür "Elektron məhkəmə" informasiya portalında kassasiya şikayəti vermək üçün tərəflər sırasına vəkili əlavə edəndə davamlı xəta baş verir: “Portalın qaynar xətt xidmətindən bildirdilər ki, bu texniki problem barədə məlumatları var və onun həlli üzərində texniki heyət çalışır. Çox ciddi durum yaranıb, iki gündür bu səbəbdən kassasiya şikayətini portala yükləyə bilmirəm. Kommersiya işlərində həmin texniki problem üzündən kassasiya şikayəti gec verilə bilər. Məhkəmələrin bu hallardan xəbərdar olması və nəzərə almaları vacibdir. Əvvəllər portala vəkilin orderini yükləmək kifayət edirdi. Yenilənmiş interfeysdə portal vəkilin tərəf kimi qeydə alınmasını tələb edir. Bu funksiya da nədənsə çalışmır”.
E-huquq.az məsələ ilə bağlı Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ilə əlaqə saxlayıb.
A.Səmədzadə bu sahədə hər hansı bir problemin olmadığını deyib: “Bu problemlə bağlı bizə bir neçə dəfə müraciət edilib. Məsələ burasındadır ki, vəkilin apelyasiya və ya kassasiya şikayətini daxil etməsi üçün iki qayda mövcuddur. Əgər vəkil həmin iş üzrə birinci instansiyada iştirak edibsə və kabinetində bu iş varsa, apelyasiya və ya kassasiya şikayətinə çox rahat şəkildə bir düymə ilə daxil ola bilər. Yox, əgər birinci instansiyada başqa vəkil iştirak edibsə və indi ayrı bir vəkil o işi götürürsə, apelyasiya və ya kassasiya şikayətini verəndə bu iş barədə ora məlumatları daxil etməlidir və həmin məlumatlar işdə olan məlumatlar olmalıdır. Çox vaxt vəkillər o məlumatları daxil edərkən işə diqqətlə baxmır və məlumatı dəqiq daxil etmirlər. Sistem təhlükəsizlik baxımından yoxlayır və görür ki, bu yeni şəxsdir və işdə bu günə kimi iştirak etməyib. Ona görə də həmin apelyasiya və ya kassasiya şikayəti sistem tərəfindən qəbul edilmir. Vəkillərə də bunu izah etmişik. Sistem yoxlamalıdır ki, vəkilin həqiqətən də bu işə girişi varmı? Əgər məlumatlar düzgün daxil edilsə, sistem onu qəbul edəcək. Bütüm bunlar sırf təhlükəsizlik baxımından tətbiq olunur”.
A.Səmədzadə qeyd edib ki, hər hansı çətinliklə qarşılaşan vəkillər 880 nömrəsi ilə əlaqə saxlayaraq məlumat ala bilərlər.
Sevgül Qasımzadə