Məzmuna keç

Azərbaycanda “ödənişsiz ədalət mühakiməsi” sisteminin yaradılması təklif edilir

Azərbaycanda "ödənişsiz ədalət mühakiməsi" sisteminin yaradılması təklif edilib.

E-huquq.az-ın məlumatına görə, bu təkliflə Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov çıxış edib.

Onun sözlərinə görə, ödənişsiz ədalət mühakiməsi İspaniyada tətbiq olunan prosessual təminatlar sistemidir, aztəminatlı şəxslərə məhkəməyə müraciət etmək imkanı verir: "Belə prosessual təminatlar sisteminə aiddir:

1) məhkəmə xərclərindən azad etmə;

2) ödənişsiz ixtisaslı hüquqi yardım göstərmə;

3) dövlətin (prokurist qismində) köməyi ilə məhkəmə işini aparmaq imkanı və s.

İspaniyada vətəndaşa ödənişsiz ədalət mühakiməsi hüququnun verilməsi üçün 2 qayda mövcuddur.

1-ci halda vətəndaşın qanuna görə buna hüququ çatır. Belə halda vətəndaşın üzərinə vəzifə düşür ki, İspaniyanın mülki-prosessual qanunvericiliyi ilə müəyyən olunmuş müvafiq əsasın sosial və əmlak vəziyyətinə görə ona şamil olunduğunu təsdiq edən sənədi məhkəməyə təqdim etsin. Həmin sənəd təqdim olunduqda hakim vətəndaşa ödənişsiz ədalət mühakiməsi hüququ verməkdən öz mülahizəsinə görə imtina edə bilməz.

2-ci hal nisbətən mürəkkəbdir. Bu zaman ödənişsiz ədalət mühakiməsi hüququ qeyd-şərtsiz verilmir, xüsusi prosedur tətbiq olunur. Ödənişsiz ədalət mühakiməsinə iddia edən vətəndaşın üzərinə vəzifə düşür ki, xüsusi prosedur daxilində müvafiq halların mövcud olduğunu sübut etsin, hansı ki, bu hallar mövcud olduqda hakim ona ödənişsiz ədalət mühakiməsi hüququ verə bilər".

Hakim qeyd edib ki, Azərbaycanda dövlət rüsumlarının məbləğinin artırılması ödənişsiz ədalət mühakiməsi məsələsini aktuallaşdırıb.

"Hazırda aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi məsələsi müzakirə olunur. Lakin problemin tam həlli üçün bu məsələyə sistemli yanaşma olmalıdır. Belə ki, vəkillər ödənişsiz hüquqi yadım göstərsələr də, dövlət rüsumlarının və digər məhkəmə xəclərinin məbləği aztəminatlı şəxslərə məhkəməyə iddia ərizəsi verməyə və məhkəmə aktlarından şikayət verməyə imkan verməyəcək. Nəticədə isə ödənişsiz hüquqi yardım öz əhəmiyyətini itirəcək.

Nəzərə alınmalıdır ki, mürəkkəb məhkəmə mübahisələrində məhkəmə xərclərinin məbləği yüksək olur. Məhkəmə xərclərinin tərkibinə yalnız iddia ərizəsinin, müvəqqəti təminat tədbiri barədə ərizənin və məhkəmə aktlarından şikayətlərin verilməsinə görə ödənilən dövlət rüsumları deyil, həm də ekspertiza xərcləri, əmlakın qiymətləndirilməsi xərcləri və digər xərclər daxildir.

Beləliklə, İspaniyada tətbiq edilən “ödənşsiz ədalət mühakiməsi” adında prosessual təminatlar sisteminin bizim ölkədə tətbiq edilməsi üçün müvafiq normativ-hüquqi akt hazırlana, bununla da aztəminatlı şəxslərin məhkəmə müdafiəsi hüququ ödənişsiz təmin oluna bilər", – deyə, N. Cəfərov vurğulayıb.