Ramiz Rzayev: "Yeni islahatlarla Ali Məhkəmə daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edir"


  • 27 Oktyabr 2021 16:46

Oktyabrın 27-də Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosu və nümayəndə heyətinin üzvlərini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasından irəli gələn öhdəliklərin icrası üzrə görülmüş işlərdən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.

Son zamanlar ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların həyata keçirilməsi barədə söz açan Ali Məhkəmənin sədri bildirib ki, kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən həmin islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Yeni islahatlara əsasən bu ilin oktyabr ayından etibarən ölkəmizdə kassasiya məhkəməsi işlərə müstəsna hallar istisna olmaqla, ancaq yazılı icraat qaydasında baxır. Bu qaydanın tətbiqi ilə Ali Məhkəmə özünün işini daha səmərəli qurmaq və hüquq məhkəməsi kimi daha keyfiyyətli fəaliyyət göstərmək imkanı əldə edir. Ali Məhkəmənin sədri Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrdən, Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edib.

Xristos Cakoumopoulos məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin birbaşa dialoq formasında daha da inkişaf etdirilməsi zərurətindən və bunun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına töhfə verəcəyindən danışıb.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılıb.

Ali Məhkəmənin sədri Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktorluğunun rəhbəri Xristos Cakoumopoulosun və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab verib.

Oxşar xəbərlər