Məzmuna keç

Məhkəmə rüsumundan azadolma ilə bağlı təcrübədə yaranan yeni problemlər

Dövlət rüsumu haqqında qanunun 9-cu maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə, aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:

9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə – büdcə təşkilatları, bələdiyyələr;

9.1.20. məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Dövlət rüsumlarının məbləğinin artırılmasından sonra, Qanunun 9.1.20-ci maddəsində göstərilən kateqoriyadan olan şəxslərə münasinətdə qanunun tətbiqində fikir ayrılıqları yaranmışdır. Bəzi hakimlər hesab edirlər ki, məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər yalnız birinci instansiya məhkəməsinə iddia verdikdə rüsumdan azad olunurlar, apellyasiya və kassasiya şikayətləri verən zaman qanunla müəyyən edilmiş qaydada rüsum ödəməlidirlər.

Həmin hakimlər öz fikirlərini 9.1.14-ə istinad etməklə əsaslandırlar ki, həmin maddədə büdcə təşkilatlarının və bələdiyyələrin məhkəmələrə verilən iddia ərizələri üzrə dövlət rüsumundan azad olunmaları ilə yanaşı, həm də bütün növ şikayətlər üzrə dövlət rüsumundan azad olmaları xüsusi göstərilib.

Bəzi hakimlər isə, hesab edirlər ki, 9.1.20-də göstərilən şəxslər təkcə iddia ərizəsi verdikdə deyil, həm də apellyasiya və kassasiya şikayətləri verərkən dövlət rüsumu ödəməkdən azaddırlar. Arqumentləri indiyədək mövcud olan təcrübədir. Əvvəllər də qanunun mətni eyni olub və təcrübə tam azadolma şəklində formalaşıb.

Şəxsi qənaətim ondan ibarətdir ki, qanun dar mənada yox, genişləndirici təfsir edilməlidir və rüsumdan azad olma tətbiq olunarkən qarşıya qoyulmuş məqsəd, xüsusi fərqləndirilmiş kateqoriyaya aid olan şəxslərin sosial təminatı sahəsində dövlət siyasəti və s. diqqətəlayiq hallar nəzərə alınmaqla həmin kateqoriyadan olan şəxslərdən apellyasiya və kassasiya icraatı üçün rüsum tələb olunmamalıdır.

Hər bir halda, Qanunun dilinin qüsurlu olduğundan təcrübədə qanunun tətbiqi ilə bağlı problemlərin, güzəştli sosial təbəqələrin narazılığının yaranmaması üçün ilkin mərhələdə daha çevik reaksiya vermək imkanı olan Ali Məhkəmənin bu mövzu ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirməsi zəruridir.

Anar Qasımlı

Sumqayıt Regional Vəkil Bürosunun müdiri