"Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olub. Dövlətimizin başçısının tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir".
E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov bildirib.
Onun sözlərinə görə, elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır: "Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və onun artıq gələn ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur.
Qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib".
Nazir qeyd edib ki, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib.
