Məzmuna keç

Gəncə hadisələrinə görə həbs edilənlərdən biri azadlığa buraxıldı

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Gəncə hadisələri ilə bağlı ittiham olunan Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, Elvin Əliyev, İsa Məhərrəmzadə, Aydın Rüstəmov və Alim Yusifovun barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, həbs edilən şəxslərdən Elvin Əliyev azadlığa buraxılıb. Aydın Rüstəmovun cəzası 2 ilə, Yavər İsmayılzadənin və Zabil Məmmədovun cəzası 5 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin cəzası isə 2 ilə qədər azaldılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunaraq müxtəlif müddətə həbs cəzası alıblar. Yavər İsmayılzadə 9, Zabil Məmmədov 8,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev 6, İsa Məhərrəmzadə 8, Aydın Rüstəmov 6, Alim Yusifov isə 7,5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.