Bakı şəhəri Vergilər Departamenti (Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamenti) “Əlibaba” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən departament MMC-dən dövlət büdcəsinə olan 2 milyon 54 min 596 manat borcun tutulması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilib.
“Əlibaba” MMC bu il məhkəməyə ərizə təqdim edərək, qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını xahiş edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərardadı ilə məhkəmənin 2013-cü ildə çıxardığı qiyabi qətnaməsi ləğv olunub.
İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikən sonra növbəti məhkəmə baxışı təyin edilib.
Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edib ki, vergi borcun tutulması barədə iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.
Məhkəmə icraata xitam verilməsi barədə qərar çıxarıb.
