Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, bu il aprelin 17-də rayonun Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsi, yeni yaşayış massivində, 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o tutularaq istintaqa cəlb olunub.
K.Əhmədov keçirilən istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra qadının yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.
İmamət Əsgərov
