Məzmuna keç

Həbsdə olan generalın bacanağının cəzası artırıldı

Həbsdə olan generalın bacanağının cəzası artırıldı

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, M.Talıbovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 artırılaraq, 5 ilə qaldırılıb.

İttiham aktına əsasən, M.Talıbov qonşusu Amid Hüseynovun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən, ümumilikdə, 30 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Talıbov 4 il müdddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan M.Talıbov barəsində bəraət hökmünün çıxarılmasını, dövlət ittihamçısı istə onun cəzasının ağırlaşdırılmasını istəyib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.