Məzmuna keç

Bərdədə arvadını öldürən şəxsin məhkəməsi başlayır

Bərdədə arvadını qətlə yetirməkdə təqsirləndirilən Tural Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, təqsirləndiirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Qeyd edək ki, bu il sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.