"Aydındır ki, bir sıra hallarda iş yükünün artması məhkəmə fəaliyyətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən lazımi qaydada həyata keçirilməməsindən irəli gəlir. Ali Məhkəmə və apellyasiya məhkəmələri tərəfindən ləğv edilmiş qərarların təhlili onu göstərir ki, qərarların ləğv edilməsinin böyük əksəriyyətinin səbəbini mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırmasının aparılmaması təşkil edir. Odur ki, əsas məqsədlərdən biri mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin bütün hallarının tam və hərtərəfli qaydada müəyyənləşdirilməsini təmin edəcək məhkəmə araşdırmasının aparılmasını təmin etməyə nail olmaqdır"
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov "Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və inzibati məhkəmələrin yaradılması" adlı məqaləsində qeyd edib.
O bildirib ki, işin düzgün araşdırılması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində əhəmiyyətli nəticələr əldə edilib: "Ancaq yuxarıda da qeyd edildiyi kimi, bu, daimi təkmilləşdirmə tələb edən bir prosesdir və buna uyğun olaraq məhkəmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına yönəlmiş kompleks tədbirlər ardıcıllıqla davam etdirilməlidir".
Sədr qeyd edib ki, məhkəmələrdə iş yükünün artmasının əsas səbəblərindən biri də inzibati orqanların bəzi hallarda məhkəmə təcrübəsini nəzərə almaması ilə bağlıdır: "Formalaşmış məhkəmə təcrübəsinin nəzərə alınmaması mübahisələrin və məhkəmələrin iş yükünün sayının süni şəkildə çoxalmasına səbəb olur. Bu hal, məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə törədir, hakimlərin həddən artıq işlə yüklənməsinə və əlavə dövlət vəsaitinin xərclənməsinə səbəb olmaqla, son nəticədə ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə də təsir edir. İnkişaf etmiş ölkələrin təcrübəsi də onu təsdiq edir ki, məhkəmə təcrübəsinin inzibati orqanların praktik fəaliyyətlərində nəzərə alınmasını təmin etmədən inzibati məhkəmələrdə iş yükünün real azalmasına nail olmaq mümkün olmur".
