Məzmuna keç

Ramiz Rzayev vətəndaşların məhkəmələrlə bağlı şikayətlərini araşdırdı

Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri diqqət daim mərkəzində saxlanılır.

Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 30-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Xaçmazda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Qusarda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Qubada vətəndaşların qəbulunu keçiriblər.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.