Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V. Kolosov 18 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. İyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək od vurub. Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.
Cavid Əmrahov
