Həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı mətbuat konfransı keçirir.
E-huquq.az xəbər verir ki, vəkil F. Laçının cinayət işi üzrə məhkəmə proseslərinin baş tutmamasına aydınlıq gətirib. O deyib ki, məhkəmə prosesi səmərəli olanda araşdırma uzadıla bilər, lakin burada araşdırılası heç nə qalmayıb: "Bu qədər səmərəsiz məhkəmə prosesi görməmişəm. Məhkəmə yerində sayır və heç nəyi araşdırmır. İclasların niyə baş tutmadığı haqqında bizə də məlumat vermirlər. Mənim indiyə qədər açıqlama verməmək istəməmiyin səbəbi məsələ ətrafında şou yaratmamaq olub. Hazırda hüquqi baxımdan əl-qolumuzu bağlayıblar. 14 illik vəkillim praktikamda Bakı Apelyasiya Məhkəməsində bir prosesin 12 dəfə təxirə salındığını görürəm".
Vəkil F. Laçının səhhətinin pis olduğunu diqqətə çatdırıb: "Fədayənin həbsxanada vəziyyəti yaxşı deyil. Onun səhhəti şiddətlənə bilər. O, hepatit c xəstəsidir".
Qeyd edək ki, bu iş üzrə proses artıq 12-ci dəfədir təxirə düşür.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.
