Sənan Hacıyev apellyasiya məhkəmələrinin fəaliyyətindən danışdı


  • 18 Avqust 2022 14:00

"Ali Məhkəmə ilə Bakı Apellyasiya Məhkəməsinin hakimləri, eləcə də digər regional apellyasiya məhkəmələrinin hakimləri arasında hüququn tətbiqi ilə bağlı aparılan dialoqların fayda verdiyini düşünürəm".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev Bakı Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyində fəaliyyətinə dair keçirilən iclasda çıxışı zamanı deyib.

O, mülki icraat üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarına kassasiya qaydasında baxılması nəticələrinə dair statistik göstəricilər barədə məlumat verərək, apellyasiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının kassasiya qaydasında ləğv edilməsi faizində kifayət qədər azalmanın müşahidə olunduğunu diqqətə çatdırıb. S.Hacıyev xüsusən Bakı Apellyasiya Məhkəməsinə münasibətdə bu azalmanın daha da nəzərə çarpan olduğunu, açıq-aydın qanuna zidd qərarların qəbul edilməsinə yol verilmədiyini qeyd edib.

Bununla belə, o, hakimlərin diqqətini bəzi məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmamasına, Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin tətbiqinə daha diqqətlə yanaşmağa, iddia ərizələrinin və apellyasiya şikayətlərinin əsassız olaraq geri qaytarılması hallarına və məhkəmə təcrübəsində rast gəlinən digər xarakterik pozuntulara yönəldib.

Kollegiya sədri kassasiya qaydasında ləğv olunmuş işlərə təkrar apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin mövqeyi daha diqqətlə öyrənilməklə baxılmasını tövsiyə edib.

Oxşar xəbərlər