Məzmuna keç

Avropa Məhkəməsi maska taxmaqdan imtina edən şəxsin şikayəti üzrə qərarını elan etdi

Avropa Məhkəməsi maska taxmaqdan imtina edən və buna görə cərimə olunan şəxsin şikayəti üzrə qərar qəbul edib.

2020-ci ilin dekabr ayında Ukraynada Oleq Makovetsky adlı ərizəçi marketə daxil olarkən ondan maska taxmaq tələb edilib. Ərizəçi maska taxmaqdan imtina etdiyinə görə mağaza işçisi polis çağırmağa məcbur olub və nəticədə ərizəçi 170 qriven (həmin dövrün məzənnəsi ilə 4.90 avro) inzibati cəriməyə məruz qalıb. Ərizəçi məhkəməyə müraciət edərək hökümət tərəfindən tətbiq edilən maska taxılmasının zəruriliyini və qanuniliyini mübahisələndirib. Məhkəmə ərizəçinin şikayətini təmin etməyib.

Ərizəçi Avropa Məhkəməsinə müraciət edərək Konvensiyanın 6 və 7-ci maddələrinin pozuntusunun tanınmasını xahiş edib.

Avropa Məhkəməsi qeyd edib ki, ərizəçiyə tətbiq edilmiş cərimənin məbləği cüzidir. Lakin Konvensiyanın pozuntusu bəzən mühüm prinsipial məsələlərə aid ola bilər və maddi maraqlara toxunmadan əhəmiyyətli zərər yetirə bilər. Həmin zaman ərizəçi işləmədiyindən Məhkəmə onun əhəmiyyətli zərərə məruz qaldığını ehtimal edir.

Hazırki işdə ərizəçi ölkədaxili məhkəmədə iddia edib ki, maska taxılması da daxil olmaqla pandemiyaya qarşı mübarizə tədbirləri və polisin onu maska taxmamağa görə cərimə tətbiq etməsi qanunsuz olub. Yerli məhkəmələr ərizəçini arqumentlərini ətraflı araşdırıb və belə nəticəyə gəlib ki, o, inzibati xəta törədib və qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilib.

Buna görə də Ərizəçiyə öz arqumentlərini irəl sürmək imkanının verilməməsinə dair hər hansı sübutlar mövcud deyil.

Bundan başqa ərizəçi polisin cərimə tətbiq etməsini “qanunla yaradılmış məhkəmə” olmaması əsası ilə qanunsuz hesab edib. Məhkəmə bununla bağlı qeyd edib ki, əgər “mülki hüquq və vəzifələr” haqqında mübahisələri həll edən inzibati orqanlar Konvensiyanın 6.1-ci maddəsinə uyğun olmamasına baxmayaraq, bu orqanın araşdırması sonradan məhkəmə orqanı tərəfindən yoxlanılırsa, 6.1ci maddəsinin pozuntusu ola bilməz.

Buna görə də məhkəmə şikayəti qəbul edilməz elan edib.

Fariz Namazlı

Vəkil