Vəkil: "Kiyev məhkəməsi Misir Qasımlını zaminliyə buraxmaqdan imtina edir"


  • 19 Sentyabr 2022 20:40

“Sentyabrın 4-dən Misir və Sübhan aclıq aksiyasına başlayıblar. Məhkəmə Misiri və Sübhanı zaminliyə buraxmaqdan imtina edir. Lakin, Səfirlik onları zaminliyə götürə bilər. Misir, həbsdən çıxarılsa, hər şey aşkarlanacaq”.

Bunu bir il altı ay Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva e-huquq.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Aygül xanım, hadisə baş verməmişdən daha əvvələ qayıdaq. Misir Qasımlı necə oldu ki, Ukraynaya yollandı?

- 29 yaşlı Misir ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. Hərbi xidməti də Azərbaycanda başa vurub. Daha sonra yenidən Rusiyaya qayıdıb, orada işləyirdi. 44 günlük müharibə başlayanda könüllü olaraq müharibəyə yollanıb. Müharibə bitdikdən sonra iş tapa bilmədiyindən Ukraynaya getmək qərarı alıb. Xüsusən Ukraynaya getməsinin də səbəbi var. Onun doğma bacısı Ukrayna vətəndaşıdır. Bacısı ailəsi ilə birlikdə orada yaşayır. Misirin özünün də orada yaşamaq icazəsi var.

- Hadisənin başvermə səbəbi ilə bağlı məlumatı da bizimlə bölüşün.

- Bu işdə Misir tək deyil. Misir ilə birlikdə Sübhan Quliyev də var. Misirin dostu Sübhan Quliyevin doğum günü imiş. Qeyd etdikləri restoran da elədir ki, qabaqcadan hər masaya görə depozit ödənilir. Həmin restoranda İspaniya və Britaniya vətəndaşı olan şəxs olublar. Atası ərəb, anası erməni olan şəxs özü Misirgilə yaxınlaşıb, deyib ki, “mən görürəm ki, burada sizə xüsusi diqqət var. Sizinlə tanış olmaq istəyirəm”. Misir zarafatçasına tanışlıqdan imtina edib. Gedəndə məlum olub ki, həmin şəxs hesabı ödəyib. Misirgil onun ödədiyi məbləği geri qaytarıblar. Bunların hamsı videogörüntülərdə öz təsdiqini tapıb. Daha sonra həmin şəxs deyib ki, “dostlar, məni də hoteldə düşürərsiniz”. Birlikdə Misirin maşınına miniblər. Misir içkili olmayıb. Misir ümumiyyətlə içki içmir. Misirin ayıq sürücü çağırmaqda məqsədi şəhəri yaxşı tanımaması olub. Ayıq sürücü hər şeyin şahididir.

Restoranda tanış olduqları şəxs Misirgilə narkotik işi ilə məşğul olduğunu bildirib və əlavə edib ki, “sizin kimi idmançı uşaqlar bizə lazımdırlar”. Misir əsəbiləşib, onu maşından düşürüb. Daha sonra əlaqələri olmayıb.

Səhəri gün Misiri polisin axtardığı məlum olub. Misiri nə maşın nömrəsi, nə də ofisiantlar vasitəsilə axtarıblar. Onu yalnız müharibə vaxtı çəkilən şəkli ilə axtarırmışlar. Misir onlara deyib ki, mən nədənsə qaçmıram. Onlar gəlib Misiri aparıblar. Misir deyib ki, “tutmaq istəyirsiniz, tutun”.

- Misirgildən axtarış zamanı silahların aşkarlandığı ilə bağlı məlumatlar var. Buna aydınlıq gətirə bilərsiniz?

- Maşında bıçaq aşkarlanıb. Misirə məxsus olduğunu bildiriblər. Lakin Misir onun olmadığını təsdiqləyib. Ona bildiriblər ki, “götür bax, gör, sənindir?” Təbii ki, Misir bunu etməyib. Onu əl izlərinin qalması üçün deyiblər. Ekspertiza keçirilib. Məlum olub ki, bıçaq Misirə məxsus deyil, ona aid əl izləridə aşkarlanmayıb. Misir yoldaşları ilə kirayədə yaşayırdı. Evə baxış keçirilib. Misir baxışda iştirak etməyib.

Misir saxlanılarkən belə, yanında nə tərcüməçi, nə də vəkili olub. Bütün hüquqları pozulub. Evdən tapança çıxdığı bildirilib. Lakin Misirin həmin silahla bağlılığı olmadığı aşkara çıxıb. Belə ki, ekdpertizanən rəyinə görə odlu silahda Misirə aid barmaq izləri çıxmamışdır.

İddia ediblər ki, Misirgil o adamın “Rolex” saatını oğurlayıblar. “Rolex”in qiyməti 12 000 dollardır. “Rolex”in adına sənəd olur. Bu elə saatdır ki, müştəri bazası mövcüddur, onu almaq üçün bəzən növbəyə də yazılmaq lazım olur. Həmin brend saatla bağlı şikayət verirsənsə, İnterpola dərhal bununla bağlı məlumat veriləcək. Amma zərərçəkmiş nə satin qutusunu, nə passportunu, nə də ki, müştəri bazasından çıxarışı təqdim etməyib. Saatın qiymətinin müəyyən edilməsi üçün Rolex-in rəsmi saytından götürülmüş fotoşəkillər təqdim edilib. 10 000 dollardan artıq qızıl-zinət əşyaların varsa, əcnəbi vətəndaş olaraq, bəyannamə təqdim etməlisən. Heç biri yoxdur. Hələ kafedə olan videogörüntülərdən də görsənir ki, zərərçəkmişin qolunda saat yox idi. Bu saxta iddialar erməni lobbisinin təşəbbüsü ilə irəli sürülüb.

- Təqsirkar hansı iddia ilə həbs edilib?

- Məlum olur ki, zərərçəkmiş ölkəyə iki günlük gəlib. Bir dəfə də olsun məhkəmələrdə iştirak etməyib. Zərərçəkmiş iddia edir ki, guya Misirgil bunun ayağına bıçaqla vurublar. Pulunu almaq üçün etdiklərini deyib. Daha sonra başına da tapança tutublar ki, “tez ol, kredit kartlarının parollarını ver”. Zərərçəkmiş eskspertizada canlı müayinədən keçməyib. Məhkəməyə yalnız zərərçəkmişin şalvarı təqdim olunub. Şalvarda zərərçəkmişə məxsus DNT, və ya Misirə aid iz aşkarlanmayıb. Ümumiyyətlə təqdim edilən bıçaqla şalvardaki iz uyğun gəlmir.

- Hadisə zamanı maşını ayıq sürücünün idarə etdiyi qeyd olunub. Hadisə şahidləri məhkəməyə çıxarılıblarmı?

- Restoranda məlum olub ki, ofisiantlar nə həmin gündən əvvəl, nə də sonra orada işləyiblər. Şahidlərdən biri ayıq sürücü idi. O, şahid qismində istintaqa buraxılmayıb. Zərərçəkmiş ərizədən başqa, təqsirləndirilən şəxsin identifikasıyasına iştirak etməlidir, onunla üzləşdirilmə apaılmalıdır, bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıyacağına dair iltizama qol çəkməlidir. Yalan ifadə verdiyindən də elə nə istintaqa nə də ki məhkəməyə gəlmir. Yəni gələcəkdə Misirə bəraət verilsə, zərərçəkmiş heç bir məsuliyyət daşımayacaq. Zərərçəkmiş İspaniyadan sənəd göndərib, guya psixoloji cəhətdən məhkəmədə iştirak edə bilməz və həmin sənəd də erməni Qalustyan tərəfindən imzalanıb.

- Cinayət işindən danışaq. Misirin qeyri-qanuni şəkildə təcridxanada saxlanıldığı deyilir. Bu nə dərəcədə doğrudur?

- Ukrayna qanunvericiliyinə görə, həbs qətimkan tədbirinə səbəb olan şikayət veriləndə məsələyə iki ay ərzində baxıla bilər. Təəssüf ki, bu məsələyə altı aydır ki, baxılır. Apellyasiya məhkəməsi keçirilmir. Bu gün məhkəmə olmalı idi. Cümə günü zəng vurub, deyirlər ki, “proses baş tutmayacaq”. Səbəb də göstərmirlər. Bu gün gedilib. Görüblər ki, Misir olmadan proses keçiriblər. Misir 18 maydan etibarən məhkəmə prosesinə gətirilmir. Vəkillər etiraz ediblər. Hakim iki-üç gün təxirə salmağın əvəzinə yenə 1 aylıq təxirə saldı. Misir qanunsuz şəkildə həbs edilib. Misirin barəsində həbs qətimkan tədbirinin uzadılması haqqında qərar çıxaran hakim Zinçenko barəsəində cinayət işi başlanılıb, lakin məhkəmə sənədləri itirdiyini deyib.
Misirə prokuror “Sən Qarabağda döyüşmüsən, başkəsənsən” deyib, “Sənin kimiləri azadlığa buraxmaq olmaz, cəmiyyət üçün təhlükəlisən” kimi fikirlər irəli sürüb. O şəxs istintaq qrupunun rəhbəridir. Məqsədimiz haqq-ədaləti ortaya çıxarmaqdır. Misir azadlığa qovuşmalıdır.

Oxşar xəbərlər