Azərbaycan hakimləri beynəlxalq konfransda ölkəmizi təmsil edirlər - FOTO


  • 21 Sentyabr 2022 14:30

Azərbaycan hakimləri İsraildə keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 64-cü illik Konfransında ölkəmizi təmsil edirlər.

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından e-huquq.az-a verilən məlumata əsasən, İttifaqın sədri Ələddin Cəfərov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralov İsrailin Təl-Əviv şəhərində 18-22 sentyabr tarixlərində keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 64-cü İllik Konfransında iştirak edirlər.

70-dən artıq ölkənin hakimlərinin iştirak etdiyi konfrans işinə İsrail prezidenti İshaq Hersoqun iştirakçılara ünvanlanmış video müraciəti ilə başlayıb və daha sonra açılış nitqi ilə İsrail Ali Məhkəməsinin sədri Ester Hayut, Baş nazirin müavini - ədliyyə naziri Gideon Saar, İsrail Məhkəmələrinin direktoru (inzibati idarəçilik üzrə) Yigal Marzel və digər rəsmi şəxslər çıxış ediblər. Beynəlxalq Hakimlər Assosiasiyasının sədri Joze Matos ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verərək, xüsusilə, Qvatemala, Tunis, Əfqanıstan və Polşada hakimlərin müstəqilliyinin məhdudlaşdırılması ilə bağlı mövcud vəziyyətin narahatçılıq doğurduğu vurğulayıb.

Tədbirdə müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb. Müzakirlərdə nümayəndə heyətinin üzvü Sənan Hacıyev söz alaraq, tədbir iştirakçılarına hakimlərin, eləcə də sabiq hakimlərin maddi-hüquqi, funksional və prosessual toxunulmazlığının təmin edilməsi baxımından əhəmiyyətli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 yanvar 2022-ci il tarixli qərarı haqqında məlumat verib. İştirakçılar tərəfindən qeyd edilən qərar maraqla qarşılanaraq, katiblik tərəfindən qərarın ingilis dilinə təcrümə edilmiş xülasəsinin bu sahədə müsbət təcrübə kimi Assosiasiyanın bütün üzvlərinə göndərilməsi qərara alınıb.

Növbəti gün 4 tədris qrupu üzrə: Məhkəmə hakimiyyətinin təşkili, hakimlərin statusu, hüququ və vəzifələri; Mülki hüququ və proses; Cinayət Hüququ və proses; Publik və sosal hüquqlar; faydalı müzakirələr aparılmş və hazırda konfrans öz işini “Hüquq, Texnologiyalar və Sosial Məsələlər” mövzusuna həsr olunmuş müzakirələrlə davam etdirir.

Tədbir çərçivəsində iştirakçılar İsrail Ali Məhkəməsi və Parlamentinin (Knesset) fəaliyyəti ilə yaxından tanış olublar.

Xatırladaq ki, 1953-cü ildə təsis edilmiş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas fəaliyyəti dünyada insan hüquq və azadlıqlarının təminatçısı olan məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanmasına yönəlib.

Oxşar xəbərlər