Azərbaycanlı hakimlər beynəlxalq tədbirdə iştirak ediblər - FOTO


  • 21 Sentyabr 2022 20:52

11-15 sentyabr 2022-ci il tarixlərində Qaçqınlar və Miqrasiya üzrə Hakimlərin Beynəlxalq Assosiyasiyası (IARMJ) tərəfindən BMT QAK-ın dəstəyi ilə təşkil olunmuş “Qaçqın və Miqrasiya Hüququ Hakimləri – kimə, yoxsa nəyə sadiqdir” adlı konfransda iştirak etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova və Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva Sloveniya Respublikasına ezam olunub

Bakı Apellyasiya Məhkəməsindən e-huquq.az-a verilən məlumata görə, konfrans 12-13 sentyabr 2022-ci il tarixlərində Sloveniyada, Brdo Konqres Mərkəzində baş tutub.

Konfransda Azərbaycandan başqa, İngiltərə, Almaniya, Fransa, Norveç, İrlandiya, Niderland, Çexiya, Belçika, Lixtenşteyn, İtaliya, Xorvatiya, Sloveniya, Serbiya, Makedoniya, Yunanıstan, Estoniya, Yeni Zellandiya, İsrail, Ukrayna, Gürcüstan və Ermənistandan olan müxtəlif instansiyadan inzibati məhkəmələrin, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin (Niderland və Fransadan olan), Avropa Ədalət Məhkəməsinin (CJEU) (vitse-prezidenti) və Avropa Ümumi Məhkəməsinin (EGC), Avropa Azad Ticarət Birliyi Məhkəməsinin (EFTA Court) hakimləri, Qaçqınlar və Miqrasiya üzrə Hakimlərin Beynəlxalq Assosiyasiyasının (IARMJ) sədri, BMT QAK-ın və Avropa İttifaqının Sığınacaq Agentliyinin (EU Agency for Asylum) nümayəndələri olmaqla, cəmi 74 nəfər iştirak edib.

Konfransda Avropa İttifaqında qaçqınlar və miqrasiya məsələləri üzrə mövcud beynəlxalq məhkəmə təcrübəsi ilə bağlı beynəlxalq məhkəmələrin hakimlərinin, BMT QAK-ın və Avropa İttifaqının Sığınacaq Agentliyinin nümayəndələrinin təqdimatları və məruzələri dinlənilib, Sloveniya Respublikasının Ali və Konstitusiya Məhkəməsinin sədrləri, Daxili İşlər naziri qeyd edilən mövzu üzrə məruzə ilə çıxış etmişlər. Konfrans zamanı Qaçqınlar və Miqrasiya üzrə Hakimlərin Beynəlxalq Assosiyasiyasının (IARMJ) hesabatı təqdim edilib, Assosiyasiyanın rəhbər orqanlarının üzvləri seçilib və Azərbaycanı təmsil edən hakimlər Assosiyasının üzvü kimi qeydə alınıb.

Müzakirələrdə Azərbaycanı təmsil edən hakimlər Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlərlə bağlı Azərbaycanın üzləşdiyi vəziyyət haqqında, qaçqınlarla bağlı məsələlər üzrə Azərbaycanda mövcud inzibati və məhkəmə təcrübəsi haqqında (statistik məlumatlar, sığınacaqla bağlı müraciətlərə baxılması qaydası və s.) tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bu zaman tədbir iştirakçılarının İkinci Qarabağ müharibəsi və Azərbaycanın parlaq qələbəsi haqqında məlumatlı olduğu diqqət çəkib.

Xüsusilə qeyd edilməlidir ki, ölkəmizi təmsil edən hakimlər 13 sentyabr 2022-ci il tarixində Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatı haqqında (Müdafiə Nazirliyinin bəyanatına uyğun şəkildə) tədbir iştirakçılarını məlumatlandırıblar.

Müzakirələr zamanı ayrı-ayrı ölkələrin hakimləri və BMT QAK-ın nümayəndəsi Azərbaycanın mövqeyini müdafiə ediblər.

Oxşar xəbərlər