- 8 May 21:45
Bakı Apellyasiya Məhkəməsinin iş planına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin birinci yarımilliyində cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair həmin məhkəmənin sədrinin məlumatının Apellyasiya Məhkəməsinin Rəyasət Heyəti tərəfindən dinlənilməsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, sözügedən dinlənilmənin keçirilməsi üzrə məsul şəxs - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Habil Məmmədov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara, bir sıra hallarda isə qanunvericiliyin tətbiqi zamanı hakimlər tərəfindən diqqətsizliyə yol verildiyini bildirib.
O qeyd edib ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimləri tərəfindən baxılmış müəyyən cinayət işləri üzrə işin hallarının tam və hərtərəfli araşdırılmaması və nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktlarının qəbul edilməsi, məhkəmə iclaslarının üzrlü səbəblər göstərilmədən uzun müddətlərə təxirə alınması, habelə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi halları müəyyən olunub.
H.Məmmədov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimləri tərəfindən baxılan cinayət işləri üzrə bəzi hallarda təyin edilən cəza müddətləri ağır olmaqla cəza siyasətinə adekvat olmadığını, həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimatlara baxılarkən həmin təqdimatın qanunla müəyyən olunmuş prosessual müddətdə məhkəməyə verilmədiyini, bu hallara təqdimata baxan hakim tərəfindən istintaq orqanına hər hansı münasibət bildirilmədiyini xüsusilə qeyd edib.
O, həmçinin cinayət-prosessual və inzibati xəta haqqında qanunvericiliyə uyğun olaraq baxılmış işlər üzrə yekun məhkəmə aktlarının apellyasiya qaydasında ləğv olunmasına və dəyişdirilməsinə əsas olmuş, habelə prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı materiallar üzrə yol verilmiş digər xarakterik pozuntuları da diqqətə çatdırıb.