Məzmuna keç

Avropa Ədliyyə Günü münasibətilə məhkəmələrdə “açıq qapı” keçirilir

Avropa Şurasının və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən hər il oktyabrın 25-i Avropa Ədliyyə Günü kimi qeyd olunur.

Avropa Şurasının və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən hər il oktyabrın 25-i Avropa Ədliyyə Günü kimi qeyd olunur.

E-huquq.az xəbər verir ki, bu günün keçirilməsində məqsəd vətəndaş hüquqlarının həyata keçirilməsini təmin edən məhkəmələrin fəaliyyəti barədə məlumatlılığı artırmaq, ədalət mühakiməsinin əlçatanlığını təmin etmək, eləcə də Avropa Şurasının və Avropa Komissiyasının ədliyyə sahəsində işini təşviq etməkdən ibarətdir.

Üzv ölkələr tərəfindən Avropa Ədliyyə Günü münasibətilə məhkəmələrdə ictimaiyyət üçün “açıq qapı” günü keçirilir.

Azərbaycanın bütün məhkəmələrində təşkil olunan tədbirlərdə vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsi sistemi ilə yaxından tanışlığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron sistemlərin tətbiqi və digər yeniliklər, eləcə də hüquqlarının müdafiəsi mexanizmləri barədə məlumatlandırılmaları nəzərdə tutulur.

Ötən il Avropa Şurası tərəfindən ölkəmizin Avropa Ədliyyə Gününü ən fəal keçirən dörd dövlətdən biri olduğu təqdirəlayiq hal kimi dəyərləndirilib və belə tədbirlərin keçirilməsi üzv dövlətlərə tövsiyə edilib.

Avropa Ədliyyə Günü ərəfəsində ənənəvi olaraq Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin nəticələri açıqlanıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilir. Bu il Niderland, İspaniya, Lüksemburq və Sloveniyanın təqdim etdikləri layihələr həmin mükafatın qalibləri olub. Bununla əlaqədar Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanovn sədrliyi ilə oktyabrın 25-də Norveçin Oslo şəhərində təqdimetmə mərasimi keçirilir.

Azərbaycan 2017-ci ildə bu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab” layihəsi ilə iştirak edib. Həmin layihə məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək qalib gəlmiş dörd layihə sırasına daxil edilib və ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinib. Mükafat təntənəli surətdə Azərbaycan tərəfinə təqdim olunub.

Eyni zamanda, məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz, habelə ölkəmizin 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə kömək edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələrin nəticəsi olaraq, 2018-ci ildə Azərbaycanın nümayəndəsi Ramin Qurbanov bu qurumun prezidenti seçilib.