Vəkil Elçin Sadıqov prosesə gecikdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsində iclas zalına buraxılmayıb.
Bu barədə vəkil e-huquq.az-a açıqlamasında bildirib.
"Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov digər vəkilin olmasını bəhanə edərək gecikmiş vəkili məhkəmə iclas zalına buraxmır. Qapını cəftəylə bağlayıb", – deyə vəkil qeyd edib.
E-huquq.az məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker hakimi Telman Hüseynovla əlaqə saxlayıb.
O bildirib ki, sözügedən məhkəmə iclasına sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova olub, Novruz Kərimov isə işə baxan tərkibdə yer alıb. T.Hüseynov həmçinin qeyd edib ki, prosesdə təqsirləndirilən şəxsin digər iki vəkili iştirak edib.
"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində qeyd olunub ki, bütün proses iştirakçıları, o cümlədən vəkil məhkəmə iclası başlayanadək gəlməlidir. Prosesin başlayacağı vaxt barədə də əvvəlcədən vəkilə məlumat verilir. Ona görə də vəkil intizamlı olmalı, iclasa vaxtında gəlməlidir. Onu da qeyd edim ki, qanunvericiliyə görə, təqsirləndirilən şəxsin bir neçə vəkili varsa və vəkillərdən biri prosesesdə iştirak edirsə, digər vəkillərin iştirak etməməsi məhkəmə iclasının davam etdirilməsinə mane ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, bir iclasın vaxtında başlamaması digər proseslərin də gecikməsinə səbəb olur. Bir çox hallarda hakimlərdən məhkəmə iclaslarının vaxtında başlamasını tələb edirlər. Amma vəkillər özləri də bu məsələlərə düzgün yanaşmalıdırlar", – deyə spiker hakim bildirib.
Xəyalə Bünyatova
