- 15 İyul 19:55
"Kiyev Apellyasiya Məhkəməsinin hakimi Misir Qasımlı və Sübhan Quliyevin həbsini qanunsuz hesab edib. Lakin onlar azadlığa buraxılmayıb, birinci instansiya məhkəməsi Misir və Sübhanı hələ də qanunsuz olaraq həbsdə saxlayır".
Bunu e-huquq.az-a açıqlamasında Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının vəkili Şaiq Mirzəyev deyib.
Vəkil bildirib ki, Kiyevdə bir ildən çoxdur həbsdə saxlanılan Azərbaycan vətəndaşlarına qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Onun sözlərinə görə, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya vətəndaşının şikayəti əsasında saxlanılıb: “Onlara qarşı quldurluq, odlu silah daşıma maddələri ilə ittiham irəli sürülüb. Lakin iş üzrə təqdim olunmuş maddi sübutların heç bir əsası yoxdur. Onlara verilmiş ittihamlar sübuta yetirilməyib. Belə ki, "zərərçəkmişin" şikayətindən sonra polis əməkdaşları qanunsuz olaraq Misirin kirayədə yaşadığı evə daxil olub və "sübut" kimi təqdim olunan həmin silahları evə qoyublar, sonradan axtarış aparmaq adı ilə mənzilə gələrək guya Misirə məxsus olan həmin silahları evdə aşkar ediblər. Həmin silahlarda Misirin əl izləri aşkarlanmayıb. Təsəvvür edin ki, heç bir ekspertiza rəyi olmadan həmin silahlar üzərindən oyun quraraq ittihamlar irəli sürüblər. Materiallara baxış keçirərkən bəlli olur ki, heç bir şahid ifadəsi olmadan, maddi sübutlarda heç bir əl izi, ekspertiza rəyi olmadan bir nəfərin ifadəsinə əsaslanaraq iki vətəndaşımızı qanunsuz olaraq həbsdə saxlayırlar. İş üzrə zərərçəkmiş kimi tanınan şəxs isə bir dəfə də olsun, məhkəmə iclaslarında iştirak etməyib. Ortada heç bir sübutun olmamasına baxmayaraq, məhkəmə işə qeyri-obyektiv baxır, həmyerlilərimiz barədə ədalətli qərar çıxarmır. Hər dəfə süni şəkildə prosesi uzadır. Hesab edirəm ki, bu, işin qərəzli olmasının göstəricisidir və həmyerlilərimizə qarşı bu iş əvvəlcədən planlaşdırılıb".
O qeyd edib ki, Misirə qarşı qanunsuzluqların səbəbi onun İkinci Qarabağ müharibəsi zamanı səsləndirdiyi fikirlərdir: "Misir 44 günlük Vətən müharibəsində iştirak edib və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub. O, İkinici Qarabağ müharibəsində iştirak edərkən "Qarabağ Azərbaycandır! İrəvan Azərbaycandır! Əzəli torpaqlarımızı geri qaytaracağıq!" kimi şüarlar səsləndirib, ermənilər isə onun videolarını çəkərək yayıblar. Onun bu fikirləri eməniləri qəzəbləndirib və sosial şəbəkələrdə Misir barəsində təhdidedici rəylər yazıblar. İndi onun həbs olunmasında da ermənilərin əli var. Bu oyun zərərçəkmiş kimi tanınan erməni əsilli şəxsin vasitəsilə başlayıb və davam etdirilir. Təəssüf ki, Ukrayna hüquq-mühafizə orqanlarında, məhkəmələrində soyadlarını dəyişən ermənilər müxtəlif vəzifələrdə aktiv fəaliyyət göstərirlər. Onlar vəzifələrindən istifadə edərək bu məsələdə öz qərəzli mövqelərini göstərirlər. Əks halda iş bu qədər uzanmazdı, Misir və Sübhan barəsində bəraətverici əsaslarla hökm çıxarılardı. Qondarma bir epizod üzərindən uzun müddətdir ki, məhkəmə prosesi davam edir. Məhkəmə prosesləri əsassız olaraq təxirə salınır, bəzi hallarda isə Misirin iştirakı olmadan işə baxılır. Bu da tam olaraq qanunsuzdur. Eyni zamanda Azərbaycan diasporasının nümayəndələrinin müraciətlərinə baxılmır, Misirin vəkilinin vəsatətləri təmin olunmur. Misirin məhkəmədə şifahi və yazılı heç bir müraciətinə baxılmır. Yəni, qazimiz böyük bir qanunsuzluqla üz-üzədir. Maraqlıdır ki, ermənilər sosial şəbəkələr üzərindən böyük qruplar yaradaraq bu məsələni geniş müzakirə edirlər. Hətta ilkin məhkəmə proseslərində ermənilər məhkəmənin inzibati binasının yanında toplaşaraq müşahidələr aparıblar. Bu da onu göstərir ki, ermənilərin bu işdə marağı var. Ümumiyyətlə, sirr deyil ki, bir sıra beynəlxalq terrorizm şəbəkələrində ermənilər aktiv iştirak edirlər. Xüsusən də Livanda yaşayan erməni əsilli şəxslər beynəlxalq terrorizmi maliyyələşdirirlər. İstər Avropada, istərdə də MDB ölkələrində terrorizmə dəstək olurlar. Düşünürəm ki, Misir və Sübhan da ermənilərin bu fəaliyyətinin qurbanıdır".
Ş.Mirzəyev bildirib ki, qanunsuz olaraq həbsdə saxlanılan vətəndaşlarımız barədə ədalətli qərarın qəbul olunması üçün bütün lazımi addımlar atılacaq.
"Misir çox vətənpərvər, dövlətini, xalqını sevən insandır. Onun ürəyi Azərbaycanla döyünür. Bu ilin sentyabr ayında ermənilərin törətdiyi təxribatlar və şəhidlərimiz barədə eşidəndə o çox həyəcanlandı. Çox narahat idi, deyirdi ki, mən gedib döyüşmək, düşməndən qisas almaq istəyirəm. Misir hər zaman vətəni, torpağı uğrunda döyüşməyə, canından keçməyə hazır olan oğullarımızdandır. İndi bizim mənəvi borcumuzdur ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş qazimizə dəstək olaq. Misir demir ki, səhv etmişəm, amma qaziyəm deyə mənə kömək edin. O, haqsızlığa uğrayıb, qanunsuz həbs olunub və bu qanunsuzluqla mübarizə aparmaq üçün dəstək istəyir. Misir inanır ki, dövlətimiz, Azərbaycan xalqı ona dəstək olacaq və haqq-ədalətin bərpa olunmasında kömək edəcək. Biz də əlimizdən gələni edirik və bundan sonra da edəcəyik", - deyə o qeyd edib.
Vəkil aidiyyəti orqanlardan məsələni diqqətdə saxlamağı xahiş edib: "Mən Misirin vəkili olaraq aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasınlar. Məsələ ilə bağlı bir işçi qrup yaradıla bilər. Həmin işçi qrup iş materialları ilə tanış olsa, görər ki, Misir Qasımlıya qarşı irəli sürülən ittihamlar aşkar-aşkar əsassızdır. Əminəm ki, dövlətimiz həmin iki vətəndaşımızın hüquqlarının müdafiəsi üçün əlindən gələni edəcək. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Səbinə Əliyevaya təşəkkür edirəm. Çünki həqiqətən də bu məsələni diqqətdə saxlayır, əllərindən gələni köməkliyi göstərirlər. Həmçinin Misir Qasımlının anası və Bakıdakı digər vəkili Xarici İşlər Nazirliyində olub və məsələ ilə bağlı görüşlər keçirilib. Nazirlik də bu məsələni diqqətdə saxlayır. Səfirliyimiz də müəyyən addımlar atır, lazımi müraciətlər və sorğular göndərilir. İnanıram ki, birgə çalışaraq Ukraynada qanunsuz həbsdə saxlanılan iki vətəndaşımız barəsində ədalətli qərarın qəbul olunmasına nail ola bilərik".